• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1451
— 12.02.2024 19:26

Sel sularının dağıtdığı göl bərpa edilir

KepezTV Player

Ötən ilin aprel-may aylarında Gəncəyə yağan güclü yağış Heydər Əliyev Park-Kompleksinin ərazisindəki süni göldə də fəsadlara yol açdı. Gölün daşması nəticəsində ətraf ərazilər su altında qaldı. Hazırda baş verə biləcək təbiət hadisələrinin eyni aqibəti yaşatmaması üçün süni göl və ətrafı yenidən qurulur.

Sel sularının dolaraq daşırdığı süni göl ətraf ərazilərə təhlükə yaratdığından suyu xeyli müddət idi ki boşaldılmışdı. Ötən ilin yazında müşahidə olunan intensiv yağışlar nəticəsində gölə dolan 1 metrə yaxın lil və gil qatı da təmizlənərək su tutumu bərpaya hazır vəziyyətə gətirilib. Ötən ilin sonundan isə bəndvurma və bərkitmə işlərinə başlanılıb. 

Səfiyar Bayramov- iş icraçısı: “Hazırda işlər də davam edir. Burada ilk əvvəl lildən təmizlənməsi və altından keçən hissəsində tunelin tikilməsidir. Müəyyən bir işlər tamamlanır. Gölün kənarının tam təmiri ilə bağlı işlər isə başlamaq üzrədir”.

Baş verə biləcək selin fəsadlar yaratmaması üçün beton kanal salınıb və su qəbuledici qurğu inşa edilib. Gölün ətrafında avtomobillərin və piyadaların hərəkəti üçün yeni yol çəkilir, körpü salınır. 

“Ötən ilin aprel-may ayında baş verən təbii fəlakət zamanı gölün ətrafında olan attraksionlar, eləcə də iaşə obyektləri də tamamilə suyun altında qalmışdı. Hazırda göldə aparılan abadlıq-quruculuq işləri çərçivəsində burada yeni attraksionların, həmçinin iaşə obyektlərinin tikilməsi də nəzərdə tutulur.

İlyas Məmmədov- Gəncə "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsinin rəisi: “Göldə yapon növü olan koya balıqları var idi. Həddindən artıq çox idi. Sel tamamilə apardı. Hec cürə qarşısını almaq mümkün deyildi. Çünki təbii fəlakətin qarşısını almaq qeyri-mümkündür. İş başa çatan kimi suyu buraxıb, dolduracağıq. Bura balıq da buraxacağıq. Qu quşu, qaz da buraxıb, köhnə vəziyyətinə qartaracağıq”.

Yenidənqurma işləri çərçivəsində əvvəlkindən fərqli olaraq gölün ətrafı məhəccərlə bağlanacaq. 

Elnur Vahidoğlu