İmişlidə yerləşən klinikaların birindən oğurluq edilib. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, C.Salahov klinikada yerləşən iş otaqlarının birinə qanunsuz daxil olaraq orada saxlanılan 8 750 manat pulu ələ keçirib və həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut kimi götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 178