• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 05.02.2024 19:58

Zədələnmiş, cırılmış, ləkəli pulları necə dəyişək?

KepezTV Player

Uzun müddət istifadə olunduğu üçün köhnəlmiş, azacıq cırılıb, zədələnmiş əsginazlar tez-tez problemə səbəb olur. Alış-veriş münasibətləri zamanı onların qarşı tərəfdən qəbul edilməməsi, dəyişdirilməsinin istənilməsi rast gəldiyimiz mənzərədir. Problem təkcə insanlarla bağlı deyil. Pul qəbul edən ödəmə terminalları da eynilə problem yaradır. Əksər terminallar bu cür pulları qəbul etmir. Bəs elə olan halda vətəndaş nə etməlidir?

Şəhər sakini: “100 manatı verib ərzaq almışdım. Alanda içində cırıq pul çıxdı. Mən də apardım banka verdim. Mağazaya verəndə götürmürlər”.

Şəhər sakini: “Mən cırıq pul götürmürəm. Çünki elə pulu çox vaxt götürmürlər”.

Şəhər sakini: “Mağazanın özü verir. Təqdim edəndə götürmür. Deyir, mən verməmişəm”.

Şəhər sakini: “Elə pullar verəndə, biz də marketə filan veririk. Bilirik ki, bankda dəyişirlər”.

Şəhər sakini: “Bu pullar mağazadan verilir”.

Sorğudan da məlum olduğu kimi vətəndaşlar zədələnmiş, rəngini dəyişmiş, çirklənmiş eləcə də fiziki deformasiyaya məruz qalmış pullarla tez-tez qarşılaşırlar. Belə olduqda isə əsginazı kiməsə ötürməyə çalışırlar. Amma Azərbaycan Mərkəzi Bankından məlumat verilib ki, əgər pul nişanı həqiqidirsə, tədavülə yararlıdırsa, tam dəyərini Mərkəzi Bank ödəyir. Bundan başqa istifadəyə yararsız puların dəyişdirilməsi ilə bağlı qanunda yeniliklər də nəzərdə tutulub.

Nəsib Pənahlı- Mərkəzi Bankın şöbə rəisi: “Yeni qaydalara əsasən, zədələnmiş kağız pul nişanları 2 halda dəyişdirilir. Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank trəfindən ödənilir. Digər halda eyni pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir”.

Qərara əsasən, Azərbaycanda kağız pul nişanlarının yararsız hesab olunması üçün müəyyənləşdirilmiş kriteriyalardan 5 %-ə qədər kənarlaşma olduqda nişan yararsız hesab ediləcək. İndiyə qədər bu halda nişan tədavülə yararlı hesab olunurdu. Bundan başqa metal pulların da dəyişdirilməsi mümkün olacaq.

Nəsib Pənahlı- Mərkəzi Bankın şöbə rəisi: “Metal pul nişanlarına gəldikdə isə, bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir”.

Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda isə təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün AMB-yə təqdim olunacaq. Pul nişanlarının ekspertizası quruma daxil olduqdan sonra 15 iş günü müddətində aparılır. 

Aişə Rzayeva