Əvvəllər təmas xətti olmuş Tərtərin Qızıloba kənd ərazisində dünən saat 17 radələrində baş vermiş mina partlayışı nəticəsində heyvan otaran 2001-ci il təvəllüdlü Qaradağlı kənd sakini Əlizadə Həsənəli Şahin oğlu xəsarət alıb. Vətəndaş polis əməkdaşları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Ona partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yarası, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub. Vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Baş Prokurorluqdan verilən məlumata görə, hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Bu hadisədən sonra ANAMA vətəndaşları bir daha məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırıb.
- Baxış: 96