Bədənində ağrısı olan hər bir şəxs bunun kökündə dayanan səbəbi araşdırmadan ağrıkəsicidən istifadə etməyə başlayır. Bununla ağrının keçəcəyini düşünür. Düzdür, belə preparalar ağrını kəsir, amma müalicə etmir.
Şəhər sakini: “Daha çox başağrısı üçün istifadə edirəm. Məndə başağrısı adətən yorğunluqdan olur. Onu da içirəm, təsir edir”.
Şəhər sakini: “Məcbur qalanda bir dənə içirəm. Amma çalışıram məcbur istifadə eləməyim. İstəyirəm özü keçsin. Dərman müvəqqəti kəsir, həmişəlik kəsmir ki ağrını”.
Şəhər sakini: “Dərmanlardan mütləqdir istifadə edirik. Bir müddət gedir, sonra dərmanın təsiri itəndən sonra ağrı geri qayıdır”.
Şəhər sakini: “Lazım olanda istifadə edirəm. Amma orqanik olanlara üstünlük verirəm. Məsələn, Analgin kimyəvi alınır, onun ziyanı digərlərinə nisbətən daha çoxdur”.
Şəhər sakini: “İçirsən, müvəqqəti kəsir, məsələn, diş ağrısı. Ondan sonra bir də ağrıyır, yenə içirsən”.
Əgər söhbət ağrıkəsicidən gedirsə, o zaman əczaçıların fikrini öyrənməsək olmaz. Çünki ağrıkəsici üçün xəstələr xəstəxanalara deyil, apteklərə üz tuturlar. Əczaçılar isə belə dərmanlara tələbatın həmişə çox olduğunu deyirlər.
İradə Həsənova- əczaçı: “Elə dərman var ki, reseptlə verilir, eləsi var ki, reseptsiz vermək olar. Ağrıkəsiciləri reseptsiz verə bilirik. Gün ərzində çox müraciətlər olur. Biz maraqlanırıq, “nə üçün istəyirsiniz, hansı ağrılara görə alırsınız”. Sadəcə başağrısı olanda bilirik ki, analgin versək kömək edəcək. Amma desə ki, əzələ ağrısıdır, mədə ağrısıdır. O, tək ağrıkəsici ilə aradan qalxmır. Ona görə biz onu həkimə yönləndirməyə çalışırıq”.
Pasientlər məsələni nə qədər ciddiyə almasalar da, həkimə deyil, birbaşa aptekə müraciət etsələr də, bu məsələdə həkim rəyi mütləqdir. Çünki ağrıkəsicilər həddindən çox istifadə ediləndə zaman keçdikcə daha az təsir edir və gündəlik ağrı şikayətləri artır. Ona görə də ağrılardan əziyyət çəkənlər əvvəlcə onun səbəbini müəyyənləşdirməlidirlər.
Şirxan Vəliyev- həkim: “Ağrını yaradan səbəblər 2 cürdür. Biri endogen səbəblər, biri ekzogen səbəblərdir. Ekzogen səbəblər travmalara bağlı ağrılardır, sümük qırıqları və ya əzilmələr, uyğun olaraq digər travmalara bağlı ağrılardır. Endogen səbəblər isə orqanizmdə olan bir çox xəstəliklər xüsusən iltihablı, sinir xəstəlikləri ağrılar yarada bilir. Ağrının növündən asılı olaraq hansı xəstəliklər zamanı yarandığını təxmin eləmək mümkündür. Ağrının səbəbindən asılı olaraq müxtəlif növ ağrıkəsicilər istifadə oluna bilir. Ancaq ağrıkəsicilər sadəcə simptomatik müalicədir və ağrını dayandırır. Ağrının kökündə duran səbəbi isə müalicə etmir. Bunun üçün ağrının kökündə dayanan səbəbi tapmaq lazımdır”.
Dərmanlardan asılılıq fizioloji olduğu qədər, həm də psixolojidir. Mütəmadi olaraq qəbulu isə orqanizmdə bir sıra fəsadlara gətirib çıxara bilər. Həmçinin müəyyən xəstəliklərin yaranması ilə özünü biruzə verə bilər.
Şirxan Vəliyev- həkim: “Bir çox ağrıkəsicilər var ki, xüsusən müəyyən narkotik qrup ağrıkəsicilər. Bir müddət sonra asılılıq yaradır. Orqanizmin optoyt sisteminin yerinə keçir, ağrını kəsir bir müddət sonra dərman olmadıqda o sistem aktivləşə bilmir və ağrılar xroniki hal almağa başlayır. Bu asılılığın fəsadlarına daha çox həzm sistemimiz məruz qalır. Xüsusən də qeyri-streoid iltihab əleyhinə olan ağrıkəsicilər. Mədə xorası, mədə erroziyaları, 12 barmaq bağırsaq xorası kimi xəstəliklər yarada bilir. Bunlar da öz növbəsində hətta qanaxma ilə ağırlaşa bilir”.
Müntəzəm olaraq həftədə bir dəfədən çox ağrıkəsici qəbul etmək sağlamlıq üçün zərərlidir. Unutmaq lazım deyil ki, həmin dərmanlar səbəbi deyil, nəticəni aradan qaldırır.
Aişə Rzayeva
- Baxış: 122