Gəncədə məskunlaşan keçmiş məcburi köçkünlər yaşadıqları ərazidə yaradılan seçki məntəqələrində səs verəcəklər. 1400-dən çox seçici üçün 3 seçki məntəqəsi yaradılıb.
Gəncədə məskunlaşan Xankəndi sakinləri Hacıməlik qəsəbəsində salınan qəsəbədə yaradılan seçki məntəqəsində səs verəcəklər. 122 saylı Xankəndi seçki dairəsinin 11 saylı seçki məntəqəsində seçicilərin qeydiyyatı aparılaraq siyahısı hazırlanıb.
Xudayar Quliyev- Xankəndi sakini: “Mən Xankəndində yaşıyırdım və Azərbaycanın ən gözəl şəhərlərindən biri Xankəndi işğaldan azad edilib. Azərbaycanın möhtəşəm bayrağı indi orada dalğalanır. 35 ildən sonra ilk dəfə olaraq Xankəndində seçki məntəqəsi yaradılıb. Bütöv Azərbaycanda Xankəndində səs veriləcəkdir. Ən böyük arzum idi, arzuma çatmışam”.
242 seçicisi olan məntəqədə 5 nəfər ilk dəfə səs verəcək. 3 nəfərin 18 yaşı fevralın 7-də tamam olacaq. 2 nəfər 80-100 yaş arası seçicidir. 5 nəfərin evinə isə daşınan qutular aparılacaq. Məntəqə seçki komissiyasında 11 müşahidəçi qeydiyyata alınıb.
Rauf Mirzəyev- 122 saylı DSK-nın 11 saylı MnSK-nın sədri: “Bu seçki bütöv Azərbaycanın ərazisində, bütövləşmiş vətənimizdə tam olaraq hər bir torpağımızın işğaldan azad olunan bölgələrində məntəqələrimiz fəaliyyət göstərir. Şükür, Xankəndi şəhərimizdə bizim məntəqəmiz fəaliyyət göstərir. Orada da seçicilərimiz öz layiqli namizədlərinə səs verəcəklər. Məntəqənin bütün təşkilati işlərini həyata keçirmişik”.
829 seçicinin qeydiyyata alındığı 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 84 saylı məntəqəsində seçicilərin 55 faizi kişi, 45 faizi isə qadındır. Seçki günü 18 nəfər ilk dəfə səs verəcək. 4 nəfər isə 80-100 yaş arası seçicidir. 12 nəfər məntəqəyə gələ bilməyəcəyi üçün, evlərinə daşınan qutunun aparılması üçün müraciət edib. Məntəqə üzrə seçkini 20 müşahidəçi izləyəcək.
Zülfü Quluyev- 124 saylı DSK-nın 84 saylı MnSK-nın sədri: “Məntəqəmiz bütün ləvazimatlarla təchiz olunmuşdur. Lazımi şərait yaradılmışdır. Seçicilərin gəlib rahat səs verməsi üçün hər cür şərait yaradılıbdır. İşimizi Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi təqvimlər planına uyğun aparırıq. Prosedurlar mərhələli şəkildə həyata keçirilibdir. Seçicilərə bildirişləri paylamışıq. Müraciət edənlərə qeydiyyatdançıxma vərəqlərini vermişik”.
121 saylı Laçın seçki dairəsinin 45 saylı seçki məntəqəsi də Gəncədə yerləşir. 367 seçicinin siyahıya alındığı məntəqədə fevralın 7-də 25 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Bir nəfərin yaşı 90-dır. 5 nəfərin evinə isə daşınan qutu aparılacaq. Seçkini bu məntəqədə 16 nəfər müşahidə edəcək.
Xanoğlan Şükürov- 121 saylı DSK-nın 45 saylı MnSK-nın sədri: “Bizim də seçki məntəqəmizdə bütün seçkiyə hazırlıq işləri tam başa çatdırılıb, bildirişlər paylanılıb. Laçında 5 seçki məntəqəsi təşkil olunub ki, qürurverici işdir. Sevincimizin həddi-hüdudu yoxdur”.
Hər 3 məntəqədə səsvermə kabinələri quraşdırılıb, inventarlarla təminat aparılıb.
Elnur Vahidoğlu
- Baxış: 191