• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 28.01.2024 20:27

Göygöllü döyüşçülər ölkə birinciliyində uğurlu nəticə qazanıblar

KepezTV Player

Bakıda baş tutan Azərbaycan birinciliyində Göygöl komandası 21 idmançı ilə təmsil olunub. Paytaxtda 18, 21, 24, 27, 30 və 33 kq çəkidə çıxış edən uşaqların hamısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 3 çəkidə isə gənc döyüşçülər bütün rəqiblərini üstələyib. Bununla yanaşı 5 nəfər 2-ci, 2 nəfər isə 3-cü olub. Göygöl idmançılarından 33 kq-da çıxış edən İbrahim İbrahimli yenidən Azərbaycan birinciliyində baş mükafata yiyələnib. O, ikinci dəfə ölkənin ən güclüsü olmaqla, yığmanın heyətinə düşüb və qarşıdakı yarışlara hazırlaşır.

İbrahim İbrahimli- Azərbaycan birinciliyinin qalibi: “Bundan əvvəl də mən Azərbaycan çempionu olmuşdum. Və bu yarışa da yaxşı hazırlaşmışdım. 4 görüş keçirdim və hamısına qalib gəlib, Azərbaycan çempionu adına layiq görüldüm. Bundan sonra da uğurlarıma davam edəcəm”.

Bölmənin məşqçisi Fəxri Cəfərov yetirmələrinin çıxışını dəyənləndirərkən nəticələrin öncəki yarışla müqayisədə artdığını deyib. Çalışdırıcı cari il iştirak edəcəkləri yarışlardan daha böyük uğurlar gözləyir.

Fəxri Cəfərov- məşqçi: “Savat bölməmiz bundan öncəki çempionatla müqayisədə daha da yaxşı nəticə verdi. 9 nəfərimiz Azərbaycan çempionu oldu. Bu istiqamətdə fəaliyyətimizi daha da inkişaf etdirmək üçün yerli yarışlara qatılmışıq. Gələcəyə ümidlərimiz böyükdür. Qarşıda böyük yarışlarımız var. Mart, iyun aylarında böyük turnirlər var. Çempion olan idmançılarımız həmin yarışlara qatılacaqlar. İnşallah, daha da yaxşı nəticələr əldə edəcəyik”.

Göygöl döyüşçülərindən 3-ü gələn ay Finlandiyanın paytaxtı Helsinkidə təşkil ediləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. İdmançıların yay aylarında da bir neçə yarışda iştirakı nəzərdə tutulur. Bölmənin yetirmələri qatıldıqları turnirlərdə özlərini yaxşı tərəfdən göstərsələr, payızda dünya çempionatına yollanmaq şansı əldə edəcəklər.

Orxan Cəfərzadə