Ad və soyad dəyişdirmək istəyənlərin sayı hər gün daha da çoxalır. Səbəbləri isə müxtəlifdir. Kimisi bəyənmir, kimisi də bu adın ona ağırlıq gətirdiyinə inanır. İnsanlar ömründə ən azı bir dəfə də olsa adını dəyişdirmək istəyib. Elə müsahibimiz Nuray xanım kimi. Keçmiş adı ilə desək - Müşkünaz Əliyeva.
Adını dəyişdirən şəxs: “Mənim əvvəlki adım Müşkünaz idi. Mən bir az yaşa dolduqca bu adı sevmirdim, bir qədər köhnə idi, məni sıxırdı. Bir dəfə sosial şəbəkədə numeroloji analizə rast gəldim. Və mənə məlum oldu ki, bu da mənim üçün uğurlu deyilmiş. Və düşünmədən dövlət qurumlarına müraciət etdim, adımı dəyişdirdim. Bir az yeni adlara uyğun olaraq Nuray qoydum. Bu adla özümü daha rahat, xoşbəxt hiss edirəm. Düşünürəm ki, dəyişdikdən sonra bu ad mənim üçün müəyyən uğur və nailiyyət də gətirdi”.
Son illər adlarını xarici adlara dəyişənlərin sayının çox olduğunu Nail Qarayev da təsdiqləyir. Ekspertin sözlərinə görə, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının adını və soyadını dəyişdirmək hüququ var. Əgər məhkumluğu, barəsində cinayət axtarışı ilə bağlı hər hansı qərar yoxdursa.
Nail Qarayev- ekspert: “Müraciətlər var və bu olmaqda davam edir. Müraciətlər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı müəyyən edilmiş qaydada həyata keçirilir. Hər bir vətəndaş ərizə ilə qeydiyyat şöbələrinə müraciət edir. Müvafiq araşdırmalardan sonra isə adın, soyadın və ata adının dəyişdirilməsi barədə vətəndaşa şəhadətnamə təqdim edilir. Lakin qeyd etmək istəyirəm ki, adın, soyadın, ata adının dəyişdirilməsi zamanı fiziki şəxs öz kreditorlarına və borclularına bu barədə məlumat verməlidir. Əks təqdirdə həmin fiziki şəxsin gələcəkdə məsuliyyətə cəlb olunmasına gətirib çıxara bilər”.
Bir çox hallarda uşağa ad qoyan zamanı Azərbaycan dilinin xüsusiyyətləri belə nəzərə alınmır. Valideynlər mənası gözəl olmayan və qəribə səslənən adları övladlarına verirlər. Mövzudan yola çıxaraq şəhər ərazisində sorğu keçirdik. Vətəndaşların məsələyə münasibəti isə...
Sakin: “Valideynin özünün qoyduğu ad yaxşıdır. Mən sonra dəyişməyə pis baxıram. Valideyn onu seçibsə, o adı yaşatmaq lazımdır”.
Sakin: “Soyadını yox, amma adını dəyişəni eşitmişəm. Ancaq pis baxıram. İnsana ad 1 dəfə verilir, onunla da yaşamalıdır. O adı qorumalıdır”.
Sakin: “Bizim vaxtlarımızda ad dəyişmə yox idi. İndi ad dəyişmə var. Mən pis baxıram. Mən dəyişmərəm. Atam, anam nə ad qoyubsa, mənə qəbuldur”.
Sakin: “Valideynlər uşağı düşünmədən o adları qoyurlar. Problemlər olur. Uşağın gələcəyini düşünmək lazımdır. Ona görə də ona uyğun ad qoymaq lazımdır. Təbii ki, dövrə uyğun”.
Mütəxəssislər tövsiyə edir ki, övladlarına ad seçən valideynlər onların bütün yaş dövrlərini nəzərə almalıdırlar. Eyni zamanda vəfat etmiş insanların adlarını da körpələrə qoymaq məsləhət deyil.
Məhbubə Sabirli- psixoloq: “Bunun altında yatan səbəblərdən biri biz övladımıza ad qoyanda onun gələcəyini - onun 15-20, 60 yaşlarını nəzərdə tutmadan özümüz sevdiyimiz üçün qoyuruq. Ya da nənə, baba adı qoyuruq. Və ya hansısa rəhmətə gedən yaxınımızın adını qoyuruq. Və uşaq böyüyür, adından narazı omağa başlayır, dəyişir. Bir faktor budur. 2-ci faktor bəzi insanlar ad numereloji analizinə görə və doğum xəritələrinə görə ad seçmək istəyirlər və öz adlarını dəyişirlər. Əslində bu, doğru hərəkət deyil. Çünki belə ad seçdikdə onun həyatı dəyişməyəcək”.
Ötən il Gəncədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə ad və soyadın dəyişdirilməsi ilə bağlı 104 müraciət daxil olub.
Aişə Rzayeva
- Baxış: 238