• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1166
— 27.01.2024 19:01

Psixoloq sayı şagird sayı ilə uzlaşmır

KepezTV Player

Tədris və tərbiyə müəssisəsi olan məktəblərdə müəllimlərin rolu əvəzsizdir. Bəzən deyirlər ki, müəllim həm də psixoloq olmalıdır. Əlbəttə, bu, doğrudur. Müəllim psixoloq qabiliyyətindən uşaqlarla davranışında istifadə edə bilər. Lakin hər hansı şagirdin psixoloji probleminin həllində ona dərindən kömək edə bilməz. Belə olan halda köməyə məktəb psixoloqları gəlir. Bəs Gəncə məktəblərində bu sahədə vəziyyət necədir?

Ələlxüsus da son zamanlar baş verən xoşagəlməz hallar, bədbəxt hadisələr məktəb psixoloqunun işinin əhəmiyyətini bir daha qabardır. Məktəb psixoloqları müasir təhsil sistemində uşaqların məktəb təlimi şəraitinə və həyatına uyğunlaşmasını təmin etmək, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq üçün zəruri rol oynayırlar. Həmçinin onlar mürəkkəb davranış sərgiləyən uşaqlarla söhbətlər aparır, psixoloji səbəblərini aşkara çıxarır və aradan qaldırırlar.

Vüsalə Musayeva- praktik psixoloq: “Biz siniflərə həftədə ən azı bir dəfə daxil oluruq. Bu, profilaktik mövzularla bağlı olur. Amma bir də özümüzün müşahidələrimiz və bir də müəllimlərin, sinif rəhbərlərinin müraciəti əsasında giriş daha tez-tez ola bilər. Birinci növbədə psixoterapiya işləri aparırıq ki, burada inkişafında, təlim-tərbiyəsində müəyyən çətinliklər olan, inkişafında müəyyən geriləmə olan uşaqları aşkar edirik. Və növbəti etaplarda biz onun korreksiya edilməsi üçün texnikalar vasitəsilə onu aradan çıxarırıq. Və bizim xüsusi jurnallarımız var. Bu, bizim üçün müşahidə dəftəridir. Və biz hər bir şagirdi təkcə dərsdə özünü necə apardı deyə yox, tənəffüs vaxtı da bu uşağın maraqları, ətrafı, çevrəsi, hansı sahələrə daha çox meyllidir, bütün bunları araşdırıb, özümüz üçün qeyd edirik”.

Məktəb psixoloqları ilə həmsöhbət olarkən, bəlli oldu ki, şagidlərin evdə və cəmiyyətdə yaşadıqları problemlər məktəb həyatlarına da yansıyır. Elə ona görə bəzi şagirdlərlə psixoloji söhbətləri labüd hesab edirlər. O ki, qaldı məktəblərdə yaşanan neqativ hallara...

Jalə Qurbanova- praktik psixoloq: “Neqativ hallar nə qədər desək də danılmaz faktordur. Sinif rəhbəri tərəfindən müraciət olunub. Valideyni çağırmışıq. Birgə əməkdaşlığımız, tövsiyələrimiz və şagirdlə fərdi konsultasiyalarımız, onlarla söhbətimiz müsbət həllini tapıbdır. 2023-cü ildən bizim məktəbimizdə şagird davranış qaydaları tətbiq olunmağa başlanıb. Bu, bizim işimizin xeyirinədir. Bu, bizim işimizə müsbət təsirini göstərir”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bidirilib ki, Gəncədə 45 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onların da hər birində psixoloq var. Hər 1000 şagird üçün 1 psixoloq fəaliyyət göstərir.

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Hər bir ümumtəhsil müəssisəsində psixoloq fəaliyyət göstərir. Psixoloqlar şagirdlərlə iş həyata keçirirlər. Onlar ümumtəhsil müəssisələrində sağlam mühit formalaşdırmaqda lazımi tədbirlər həyata keçirirlər. Neqativ hadisə baş verdiyi zaman yerli təhsil sektoruna məlumat verilir. Qeyd edim ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tərkibindəki ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müsabiqə əsasında həyata keçirilir”.

Mövzunun araşdırmasını apararkən, təhsil eksperti Kamran Əsədovla da əlaqə saxladıq. Ekspert məktəblərdə şagird sayı ilə psixoloq sayının uzlaşmadığını və bu nüansın da məsələyə mənfi təsirini xüsusilə vurğuladı. Kamran Əsədov- təhsil eksperti: “Təkcə saylarının azlığı deyil, həm də orta ümumtəhsil müəssisələrində psixoloqların şagirdlərlə invidual işləməsi üçün vaxt, məkan və resurslar yoxdur ki, hər bir psixoloq mütləq şəkildə şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına, ailə vəziyyətinə uyğun olaraq psixoloji xidmətlər göstərə bilsin. Bu gün orta ümumtəhsil müəssisələrinə ibtidai siniflərdə oxuyanlarla, ümumi orta təhsillə tam orta təhsildə oxuyanların eyni psixoloqu var. Və qız, oğlan şagirdlərə eyni psixoloqlar xidmət göstərir. Bu, yaxşı hal deyil. Mən düşünürəm ki, qız şagirdlər üçün ayrıca, oğlan şagirdlər üçün ayrıca psixoloqlar olmalıdır. Həmçinin, psixoloqlar üçün ayrıca saatlar ayrılmalıdır. Psixoloqlar tərəfindən ən azı ayda 1 dəfə bütün şagirdlər arasında sorğu keçirilməli, psixoloji vəziyyəti gərgin olan, hər hansı bir risk qrupuna aid olanlar müəyyənləşdirilib, onlarla individual işlənməlidir”.

Demək ki, məktəblərdə yaşanan xoşagəlməz hadisələrin qarşısını almaq üçün, görülən işlər yetərli deyil. Bir sözlə, məsələ psixoloqların ayrılmasında deyil, işin təkmilləşdirilməsində və təşkilindədir.

Aişə Rzayeva