Bu gün Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür. Terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməldaşı isə ağır yaralanıb. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilib. Səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək Səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməyib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilib. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırıb, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını bu günə təyin edib.
- Baxış: 85