Azərbaycanda elektron resept tətbiq olunub. Bu, “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin tərkib hissəsidir. Məqsəd, vətəndaşlar üçün keyfiyyətli, təhlükəsiz, etibarlı səhiyyə xidmətlərinin əlçatanlığını təmin etməkdir.
Bu ildən tətbiq olunan elektron resept yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərmanlar üçün keçərlidir. Burada vətəndaşın xəstəliyinə uyğun təyin edilən preparatlar öz əksini tapmaqla, müalicənin bütün tibb müəssisələrində əlçatanlığı təmin edilir.
Kəbutər Mövsümlü- Səhiyyə Nazirliyinin şöbə müdiri: “Yanvar ayının 1-dən etibarən mülkiyyət formasından asılı olmayaraq respublika üzrə bütün dövlət, özəl, tibb eləcə də əczaçılıq müəssisələrində rəqəmsal reseptin mərhələli şəkildə tətbiqinə başlanılıb. Hal-hazırda Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində rəqəmsal resept tam olaraq tətbiq olunub. Yaxın müddət ərzində isə digər tabeli qurumların bu sistemə inteqrasiyası təmin ediləcək. Bununla bağlı müəssisələrə mütəmadi olaraq təlimlər keçilir, proqramın üstünlükləri və istifadə qaydaları izah edilir. Apteklərdə elektron resept olmadan dərman satışı sisteminin ölkə üzrə tam tətbiqi başa çatdıqdan sonra həyata keçiriləcək”.
Bu isə o deməkdir ki, hələ bir müddət adi qaydada yazılan reseptlərlə apteklərdən dərmanların əldə edilməsində hər hansı məhdudiyyət yoxdur. Yəni tətbiq bütün ölkə üzrə proqram təminatı və şərait yaradılmaqla icra edilir. Tətbiq ediləcək bu yenilikdən vətəndaşlar razı görünür.
Sakin: “Onun elə olmağı yaxşıdır. Həkim dərman yazırdı, tapılmırdı”.
Sakin: “Həkimlərin çoxu firma ilə işləyir - özlərinə xeyir edən dərmanlar yazırdılar. Nəzarət olsa, bu, olmayacaq”.
Sakin: “Bəzi həkimlər səhv dərmanlar yazırlar, bunun qarşısı alınacaq”. Sakin: “Həkimlər apteklərlə işləyirdilər. Amma indi əsas olan reseptin rolu olacaq. Həkimin məsuliyyəti artacaq”.
Rəqəmsal reseptlər vətəndaşlara həm sms bildiriş, həm də elektron sistemdən çap edilərək təqdim olunacaq. Bu isə apteklərin də müvafiq sistemə qoşulmasını labüd edir. Gəncənin apteklərində hələ ki, elektron reseptə keçilməsə də, əczaçılar yeniliklə bağlı məlumatlandırılır.
İlhamə Məmmədova- əczaçı: “Bizə bildirilidi ki, qayda tətbiq olunandan sonra elektron resept olmadan dərman satışı qadağan olunacaq. Bəzən elə olur ki, resept gəldikdə həkimlə yenidən əlaqə saxlamalı oluruq, çünki bir hərf belə başqa bir dərmanı ifadə edir. Düşünürük ki, belə olduqda bu problemlər də aradan qaldırılacaq. Bir də bizə belə bir məlumat verildi ki, həkim artıq dərmanı yazandan sonra sistem bizdə də açıq olacaq. Artıq onun adı yazılmayacaq. Biz də o tərkibə uyğun dərmanı təqdim edə biləcəyik”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, dərman preparatlarının protokollara uyğun, o cümlədən müvafiq qurumların nəzarəti altında olması həkimlərin də yazdıqları reseptə görə məsuliyyətini artıracaq. Eyni zamanda sakinlərin də qeyd etdiyi kimi, sui-istifadə hallarının qarşısı alınacaq.
Müşfiq Məmmədli- Milli Məclisin Səhiyyə komitəsinin üzvü: “Elektron reseptin tətbiqi həm dərmanların keyfiyyətinə nəzarət baxımından, həm müalicə mexanizmlərinə, kliniki tibbi protokollara uyğunluğu baxımından nəzarət sisteminin qurulmasında çox mühüm əhəmiyyət kəsb edir. Həm də elektron resept gələcəkdə bizim iqtisadiyyatımızı stimullaşdıran amillərdən biridir. Çünki artıq burada nəzarətsiz satış, istehsal və ya idxal prosesinin qeyri-mümkünlüyü elektron resept vasitəsilə həyata keçirilir. Ən mühüm məsələ isə, müxtəlif sui-istifadə halları aradan qaldırılacaq”.
Səhiyyənin rəqəmsallaşdırılması tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına, eyni zamanda məlumatlara maneəsiz çıxışın təmin edilməsinə gətirib çıxaracaq. Bu da öv növbəsində əhalinin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı texnologiyaların istifadəsi, yüksək keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasına imkan yaradacaq.
Aişə Rzayeva
- Baxış: 128