• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1274
— 21.01.2024 19:18

200-ə yaxın abonent qazla təmin edilir

KepezTV Player

“Bax, bu ağacı görürsünüz, kəsib odun etmişik. Ağac qalmayıb, doğramışıq. Bu il nə edəcəm, bilmirəm. Bütün ağacları kəsib, yandırmışam. Buralar hamısı yekə ağaclar idi. İndi yoxdur”.

Gəncənin Natavan qəsəbəsinin sakinləri uzun illərdir qazsızlığın yaratdığı çətinliyi ağacları kəsməklə aradan qaldırmağa çalışır. Artıq isinmək üçün kəsməyə ağac da qalmayıb. 

Nigar Quliyeva- sakin: “Sellofan, kağız cırığı yandırıb istifadə edirdim. Butkada yaşayırdım, çox əziyyət çəkmişəm. Odun olmayanda, təzəyə kimi yandırırdım. Çöllərdən ağaclar, çırpılar yığıb, gətirib, yandırıb, iki dənə yetim saxlamışam”.

Çətinliyin arxada qaldığını demək olar. "Azəriqaz" tərəfindən qəsəbənin qazla təmin edilməyən 9 küçəsində işlərə başlanılıb. 3 min metr yeni borunun çəkilməsi nəzərdə tutulan qəsəbədə artıq 1 km-ə yaxın xətt qaynaq edilib, küçələrə qaz siyirtmələri də qoyulur. 

Elşad Hüseynov- sakin: “Qış aylarında çətinlik yaranırdı. Evi isitməkdə, yemək bişirməkdə, uşaq məktəbə gedirdi, problemlər yaranırdı. İndi bundan sonra yaxşı olar, qazı çəkirlər”.

Aygün Eyvazova- sakin: “Çox əziyyət çəkirdik. Evi qızdıra bilmirdik, yeməkləri hazırlaya bilmirdik. Maşınkadan, elektrikdən istifadə edirdik. İndi şükür, yaxşıdır”.

Qəsəbədə eyni zamanda qaz itkisinin aradan qaldırılması üçün köhnə xətlər də yenilənir.

Mahir Əliyev- sahə rəisi: “Biz bundan əvvəl də Samux rayonunun Seyidlər kəndində də işlədik. Orda da çox böyük bir layihə idi. 1200 metr xətt çəkdik. Çox qazsızmaları da var idi, onları da aradan qaldırdıq”.

Ötən il ərzində Gəncə Regional Qaz İstismar İdarəsi tərəfindən 5 minə yaxın abonentin qazla təminatı istiqamətində işlər aparılıb. Cari ilin sonuna kimi bu rəqəm əvvəlkindən min abonent çox olacaq.

Eldəniz Vəliyev- “Azəriqaz” İB-nin şöbə rəisi: “Eyni zamanda Sevinc qəsəbəsində də qazlaşma prosesinin tamamlanma işləri həyata keçirilir. Bu il də AKTA 6, Avtozavod deyilən ərazilərin də qazlaşması nəzərdə tutulur. Ümumilikdə Bakı, Abşeron və regionlarda bu qazlaşma prosesi çərçivəsində bütün rayonlarda və kəndlərdə əlavə yeni yaranmış massivlərin qazlaşması da tərəfimizdən icra olunacaqdır”.

Gəncənin Natavan qəsəbəsində təxminən 200-ə yaxın abonent üçün qaz xəttinin çəkilməsi martın sonuna kimi başa çatdırılacaq. 

Elnur Vahidoğlu