• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1363
— 16.01.2024 20:15

ATU Polşa universiteti ilə anlaşma imzalayıb

KepezTV Player

İkili diplom proqramları - hal-hazırda birgə təhsil proqramlarının həyata keçirilməsinin ən geniş yayılmış formasıdır. Bu proqramın üstünlükləri yüksək karyera və dil biliyinin artırılması ilə yanaşı, həm də tələbənin hər iki universitetin diplomuna sahib olmasını təmin edir. Azərbaycan Texnologiya Universiteti də artıq ilk ikili diplom müqaviləsini imzalayıb. Tərəfdaş kimi Polşanın Bialystok Texnologiya Universiteti seçilib.

Raqif Hüseynov- ATU-nun prorektoru: “Universitetimizin fəaliyyətində vacib və prioritet hesab etdiyimiz məsələlərdən biri beynəlmiləlşmədir. Bu istiqamətdə son zamanlar Avropanın bir çox nüfuzlu universitetləri ilə müqavilələr imzalamışıq. Belə ki, universitetimizlə Polşanın Bialystok Texnologiya Universiteti arasında "Nəqliyyat logistikası" proqramı üzrə ilk dəfə olaraq ikili diplom müqaviləsi imzalanmışdır. Sözügedən müqavilə əsasında həmin proqrama qəbulun aparılması 2024-2025-ci tədris ilindən etibarən nəzərdə tutulur”.

Xarici universitetlərlə dəstək və qarşılıqlı əməkdaşlıq müasir və rəqabətqabiliyyətli gənclərin inkişafına şərait yaradacaq. Belə proqramlara cəlb edilən gənclərin daha peşəkar kadr olma imkanı da yaranır.

Zinhar Bəbişov- tələbə: “Bizim universitetdə magistratura ikili diplom əsasında mövcuddur və mən də ixtisasımı bitirdikdən sonra Texnologiya Universitetində magistratura səviyyəsi üzrə təhsil alacam. Bunu bilirəm ki, xaricdə magistratura səviyyəsi üzrə təhsil alsam, ixtisasımı daha da təkmilləşdirəcəm”.

Nicat Musazadə- tələbə: “Mən Texnologiya Universitetində sonuncu kurs tələbəsiyəm. Logistika ixtisası üzrə təhsil alıram. Eyni zamanda magistraturaya hazırlaşıram. Təhsilimi Texnologiya Universitetində davam etdirmək istəyirəm. Çünki onlar həm də Polşa Texnologiya Universitetilə əməkdaşlıq edirlər. Düşünürəm ki, bu, mənim ixtisasımı daha yaxşı bilməyimdə və uğur qazanmağımda rol oynayacaq”.

Azərbaycan və Polşa universitetləri arasında imzalanan əməkdaşlıq sənədi özündə tədrisin ingilis dilində aparılmasını labüd edir. Odur ki, Białystoka getmək istəyənlərin seçmində nəzərə alınan məqamlar olacaq.

Raqif Hüseynov- ATU-nun prorektoru: “Magistrantlar iki semestr ATU-da, digər iki semestr isə Bialystok Texnologiya Universitetində təhsil ala biləcəklər və sonda hər iki universitetin magistr diplomunu qazanacaqlar. Düşünürük ki, bu cür proqramlar tələbələrin öz ixtisaslarına daha yaxşı yiyələnmələrində və gələcəkdə peşəkar kadr olmalarında önəmli rol oynayacaq”.

Gəncədə 3 ali təhsil müəssisəsi var ki, onlardan yalnız Azərbaycan Texnologiya Universitetində magistr tələbələri üçün ikili diplom proqramı üçün imkanlar yaradılıb. Digər iki universitetdə bu cür layihələr yalnız bakalavrlar üçün keçərlidir.

Aişə Rzayeva