Bu dəfə sizi futbola böyük maraq göstərən İlkinlə tanış edəcəm. O, gənc yaşlarından bu işlə məşğul olur. Eyni zamanda, İlkinin bu idman növünə belə maraq göstərməsinin bir hekayəsi var.
İlkin İskəndərli– futbolçu: “Məndə futbola həvəs 4-5 yaşımda izlədiyim bir cizgi filmindən sonra başladı. Bu cizgi film mənə o qədər maraqlı gəldi ki, artıq futbol oyunlarına baxmağa başladım. Evdə kimsə oturub futbola baxanda, mən də baxırdım. Və daha sonra özüm də topla oynamağa başladım. Gəncədə bir klubda məşqlərə başlayıb, daha sonra futbol həyatıma başladım”.
İlkinin futbol haqqında planları çoxdur. Bu işdə daha da peşəkarlaşmaq istəyir. Əlbəttə ki, hər idman sahəsində olduğu kimi futbolun da özünəxas çətinlikləri var. Baxaq görək, bəs o, bu yolda motivasiyanı hardan alır?
İlkin İskəndərli– futbolçu: “Futbolu mənə sevdirən bir çox amillər var. Ancaq futbola başlamağımda səbəb birisi olmayıb. Bu həvəs məndə öz-özlüyündən yaranıb uşaq vaxtından. Futbol mənim üçün bir oyundan daha artığıdır. Bildiyiniz kimi, mənim həyatın futbol üstündədir. İnşallah, gələcəkdə də respublikamızın da, dünyadakı futbol oyunlarında bayrağını dalğalandırmasını istəyərəm. Təbii ki, mənim də iştirakım olmaqla”.
Futbol haqqında daha bir çox məlumatları və bu yoldakı uğurlarını elə İlkinin özündən eşitsək, daha yaxşı olar.
İlkin İskəndərli– futbolçu: “16 yaşımda “Qarabağ”dan ayrıldıqdan sonra, “Kəpəz”də professional müqavilə bağladım. Hal-hazırda əvəzedici komandasında oynayıram. Özüm qapıçıyam. Və bu mövqe - qapını qorumaq, mənə sanki vətəni qorumaq kimi bir şeydir. Bu mövqedə olan bir çox qapıçılar, futbolçular var ki, mən onları özümə kumir kimi götürürəm. Məsələn, Manuel Neuer, dünyada onu tanımayan futbol cəmiyyəti yoxdur. Daha sonra “Galatasaray”dan Muslera. Uşaq vaxtımdan “Galatasaray”a çox böyük marağım var idi. Musleranın oyunları mənə futbola davam etməyim üçün motivasiya verirdi. Azərbaycanda da, qapıçılardan saya bilərəm. Məsələn, Şahruddin Məhəmmədəliyev, Türkiyə klublarından birində oynayır. Onu çox bəyənirdim. “Qarabağ”da olan oyunlarını”.
İlkin qeyd edir ki, uğur qazandıqdan sonra o uğura aldanmamaq vacibdir. Hər daim öz üzərimizdə çalışıb, inkişaf etmək lazımdır. Bir çox nailiyyətlər əldə etməsinə baxmayaraq, İlkinin uğur qazanmaqla bağlı hələ də yeni məqsədləri var.
İlkin İskəndərli– futbolçu: “Uğur qazanmaq, sevindirici olsa da, rahatlıq verməməlidir. Misal olaraq, dünyanın ən yaxşı oyunçusu kimi Kriştianu Ronaldu- 38 yaşında qazanmadığı uğur yoxdur, ancaq hələ də, bu yaşda 23 yaşında çalışdığı kimi çalışır. Onun qazandığı nailiyyətlərlə bizimkiləri müqayisə etsək təbii ki, bizim bu yaşda hər hansı bir onun səviyyəsinə çatacaq nailiyyətlərimiz yoxdur. Və əgər o, 38 yaşında belə uğurdan sonra bu qədər çalışırsa, bizim rahatlaşmaq üçün hansı nailiyyətimiz var?!”
Ülvi Cəfərov
- Baxış: 307