• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1495
— 14.01.2024 20:27

Yuxu rejiminin pozulması müxtəlif xəstəliklərə səbəb ola bilər

KepezTV Player

Hər gün səhər əksəriyyətimizi yuxudan oyadan, ancaq heç arzu etmədiyimiz səs - zəngli saat və ya budilnik. Sabahlar bir çoxumuzu şirin yuxudan məhz bu səs oyadır. Lakin gecə gec yatmaq və səhər də tez durmaq heç də arzuolunan yuxu norması sayılmır. Vaxtında yatmadıqda, həyatımızda çox önəmli və mühüm bir yer tutan yuxu rejimini pozmuş oluruq.

Leyla Qarayeva- şəhər sakini: “Özümdən götürürəm, mən yuxu rejiminə əməl etmirəm, səhv etdiyimi də bilirəm. Artıq həyat tərzinə çevirmişəm, çox gec yatıram. Bu, təbii ki mənim əsəblərimə toxunur. Gün ərzində yorğunluq, halsızlıq, özümü çox narahat hiss edirəm, əsəblərim pozulur, yəni bu yuxusuzluq təbii ki, həyat tərziylə də bağlıdır. İşə görə yox, insan istəsə, işlərini vaxtında bitirib, yuxu rejiminə düzgün xidmət edə bilər. O, bizim özümüzdən asılı olan bir şeydir. İstəsək, hər şeyi yerində edə bilərik. O, səhlənkarlıqdan olan bir işdir, boynuma da alıram, heç kimə də gec yatmağı, gec durmağı tövsiyə etmirəm”.

Şəhriyar Cavadov- şəhər sakini: “Mən özün yuxu rejiminə əməl edən insan deyiləm, misal üçün, saat 3-də, 4-də yatıram, səhər 9-da durub, dərsə gedirəm. Tələbəyəm, səhər dərsə gedirik, yuxusuz qalırıq. Düzdür, dərsdə yatmırıq, amma dərsə də yaxşı qulaq asa bilmirik, dərsi yaxşı qavraya bilmirik. Gec yatmağımın səbəblərindən biri sosial şəbəkələrdir. Çox məşğul oluram”.

Şəlalə Eminbəyli- şəhər sakini: “Yuxu elə bir vacib şeydir ki, bunun vaxtı, vədəsi olmalıdır. Bizim uşaqların qabaqlar rejimi var idi. 9-da uşaqlar yataqda olmalı idi. Gecə saat 2-3-də baxırsan ki, “onlayn”dır. Deməli bu yatmayıb ki, “onlayn”dır. Sabahları səhər tezdən durub, dərsə gedəcək, necə bir yorğunluqla gedir, necə bir göz qızartısıyla gedir. Artıq dərsdə fikiri-zikri yatmaqda olur”.

Aytən Abdullayeva- şəhər sakini: “Əməl edirəm də deyə bilərəm, etmirəm də deyə bilərəm. Gecə normal qaydasında yatmıram, gec yatıram. Saat 1-dən tez yatmıram, heç vaxt. Əməl etməyəndə yorğun hiss edirəm. Özüm hiss edirəm ki, bu gün harasa gedəsiyəm, adətən piyada gedirəm, baxıram ki, artıq gedə bilmirəm, yorğunam, bədənim düşkündür. Amma yuxu rejimini normal yerinə yetirəndə, həqiqətən gün ərzində heç evə getmək istəmirəm. İstəyirəm ki, elə yeriyim. Bəzən yuxum gəlir, yuxunu qovlayıram ki, telefonla məşğul olum, filan şeyə bir də baxım. Ona-buna baxım. Əlbəttə, sosial şəbəkə çox önəmlidir”.

Sahib Hacıyev- şəhər sakini: “Mənim özüm 6 ildir güləşlə məşğul oluram. Yuxu rejiminə məcburi əməl edirəm, ən geci 11:30-da yatıram. O vaxt yatmalısan ki, səhər məşqlərində bədənin bərpası üçün lazımdır. Çünki yatmadıqda, bədən halsız olur, məşq etməyə həvəs də yaranmır, insan yuxusuz olur”.

Psixoloq Sona Davudova bildirir ki, yuxu problemi daha çox stress, depressiya və psixoloji halın pozulması kimi amillərdən yaranır. Normal yuxu rejiminin 8 saat olduğu deyilsə də, bu, fərdə görə dəyişə bilər. 

Sona Davudova- psixoloq: “Yuxusuzluq problemi günümüzdə ən sıx rastlaşılan, həyatın bütün sahələrini əhatə edən narahatlıqlardan biridir. Yəni bu, bizim sosial münasibətlərimizə, psixoloji sağlamlığımıza, fizioloji sağlamlığımıza ciddi mənada təsir edir. Buna bir çox faktorlar təsir edir. Xüsusilə də gec saatlara qədər mavi ekran qarşısında olmaq, telefonla zaman keçirmək. Biz artıq gec yatırıqsa, təbii ki, oyanan zaman da halsız oluruq, əhval-ruhiyyəmiz aşağı olur, həyəcan-təşviş problemimiz olur. Ən əsası da əgər insan sükan arxasında əyləşən bir insandırsa, onun diqqət konsentrasiyası kimi problemləri olur ki, onlar fikrini cəmləməkdə əziyyət çəkir. İstər abituriyent olsun, istərsə iş sahəsində çalışan insan olsun. Yuxuya getməkdə çətinlik çəkirsinizsə, bu, artıq hər hansı bir narahatlığın göstəricisi ola bilər, bu halda da mütləq şəkildə həkiminizlə məsləhətləşməniz lazımdır”.

Yuxu rejiminin pozulması təkcə yorğunluq və əzginlik halları yaratmır. Bu, bir sıra xəstəliklərin ortaya çıxmasına, həmçinin işgüzarlığın zəifləməsinə səbəb ola bilər.

Aysel Əliyeva- həkim: “Yuxu pozulması mütəlif səbəblərdən ola bilər. Buna həm kəskin xəstəliklər, həm xroniki xəstəliklər, stress pozuntuları, kofenin həddən artıq istifadə olunması, gündəlik rejimə düzgün riayət olunmaması səbəb ola bilər. Hər bir insan yuxu rejiminə əməl etmirsə, gün ərzində onun diqqət defisiti deyirik, yaddaş pozulması deyirik, hər hansı müəyyən bir işdə işləyirsə fokuslanması zəifləyə bilər, əlbəttə ki, daxili orqanların funksiyasının pozulmasına səbəb ola bilər”.

Yuxu rejiminin pozulmaması üçün hər gün eyni saatda yatmaq və axşam saat 9-dan sonra qida qəbul etməmək tövsiyə olunur. Müalicə olaraq görüləcək ilk şey isə sağlam yuxu davranışlarını nəzərdən keçirmək və bu mövzuda səhvləri düzəltməkdir.

Pərvin Abbaszadə