• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1068
— 08.01.2024 20:13

Cana olduğu kimi cibə də ziyan olan tütünçəkmə

KepezTV Player

Siqaret insanın orqanizminə mənfi təsir etdiyi kimi, bu pis vərdiş onu çəkən şəxsin büdcəsinə də özünü neqativ tərəfdən göstərir. Gündə ortalama bir qutu siqaret çəkən bir nəfər, ay ərzində 100-150 manat arası tütün məmulatına pul xərcləyir. Bu da minumum əmək haqqının ortalama 30 faizinə bərabər bir rəqəmdir.

Şəhər sakini: “Gündə 1 qutu - 20 dənə çəkirəm. Qiyməti 4 manat. Mənim aylıq siqaretə xərcim 120 manat olur. Siqareti tərgitməyə cəhd eləmişəm, amma edə bilməmişəm. Olub, eləmişəm 20 gün, 1 ay amma sonra yenidən başlamışam. Ziyandır, amma neyləyək, öyrəşmişik”.

Şəhər sakini: “Təxmini, 100 manatdan çox. Hər ay 150 manata kimi gedir. Elə qazancın 3 də 1-i. Cibə də ziyandır, cana da ziyandır. Ümumiyyətlə onu indiki cavanlara məsələhət görməzdim. Xeyirli bir şey deyil”.

Şəhər sakini: “180 manat. İndiki qiymətlə. Bacarmıram tərgitməyi”.

Şəhər sakini: “Ayda 120 manatdan 7-8 ildir çəkirdim. 15-20 gün olar çəkmirəm. Belə götürəndə həm büdcəmdə də sərf edib, həm canıma da. Cavanlara da tövsiyəm odur ki, çəkməsinlər”.

Bir neçə gün öncə siqaretlərin qiymətlərində artım da olub. Bahalaşma bütün tütün məmulatları üzrə 20-50 qəpik civarında artıb. 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar 20 qəpik, 4 manatdan yuxarı olanlar isə 50 qəpik bahalaşıb.

Vasif Məmmədov- satıcı: “Ayın 3 -ü tarixindən etibarən siqaretlərin qiyməti qalxdı. Bəziləri 20 qəpik, bəziləri 50 qəpik. Bu qalxım da müştərilərdə narazılığa səbəb olur. Bizdə də bəzi siqaretlərin olmamasına gətirib çıxarır. Təxminən- 2.90 olanlar 3 olub. 2.60 olanlar 2.80, 3.40 olanlar 3.60. 4.50 olanlar artıq 5 manat olubdur. Bizə qiymətlər gəlir. Biz də qaldırırıq. Onun kim tərəfindən verildiyi haqqında maraqlanmırıq. Yəqin ki, hər yerdə belədir ki, bizdə də belə oldu”.

Ölkəmizdə tütünə olan tələbatın 50-% ə qədəri yerli istehsal hesabına ödənilir. Bu məhsulların yarısından çoxu isə xaricdən idxal edilir. Elə artım da məhz belə siqaretlərin qiymətində müşahidə olunur.

Məmməd Urkayev- ekspert: “Siqaretin bahalaşması bu təxmini 20-50 qəpik arasında olduğuna görə, biz onu götürək orta hesabla 35 qəpik. Bir qutu siqaretin orta aylıq qiymət artımı təxminən 10 manat edir. Hesablayın onda 1 paçka siqaretin orta illik qiyməti 120 olur. Bu, birinci növbədə o qədər çox görsənmir. Ancaq siqaret çəkən insanların ölkədə sayını biz 30 faiz ilə götürsək, bu, 14 milyon manat edir. Və ölkə üzrə siqaretin 35 qəpik bahalaşması orta hesabla ümumilikdə respublikada 168 milyon ailə büdcəsinə zərər dəyir. Əlbəttə, bu rəqəmlər çox böyükdür”.

Ekspert siqaretin pərakandə satış qiymətinin bahalaşmasını gənclərin və yeniyetmələrin ondan istifadəsinin məhdudlaşdırılması məqsədilə olduğunu hesab edir. Həmçinin qiymətlərin daha da artırıla biləcəyini istisna etmir.

Məmməd Urkayev- ekspert: “50 paçka siqaretin içərisində 1000 siqaret olur. Onun aksiz vergisi ildə 45,5 manatdır. Artım 2023-cü ildə belə olub. Bu -aksiz vergisinin artması, hər siqaretin özündə 14 qəpiyə başa gəlir. Dövlət onu ona görə tətbiq eləmir ki, öz büdcəsinə pul gəlsin. Məcburdur ki, bu tədbiri həyata keçirməklə ola bilsin ki, siqaret çəkənlər azalsın”.

İstər cibə, istərsə də cana bu vərdişin zərəri böyükdür. Ona görə də nə qədər tez yaxa qurtarılsa, bir o qədər yaxşıdır.

Aişə Rzayeva