• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 816
— 04.01.2024 20:52

Kişilərin yarıtmadığı futbolu qadınlar dirçəldə biləcək?

KepezTV Player

Voleybol, üzgüçülük, aerobika, gimnastika kimi idman növlərində xanımları görməyə adət etmişik. Yəni illərdir kişilərlə bərabər zərif cinsin nümayəndələri də bu idman sahələrində öz qabiliyyətlərini nümayiş etdirirlər. Əlbəttə idman elə bir sahədir ki, burada qadın-kişi ayırımı etmək düzgün deyil. Ancaq bir çox sahələr var ki, qadınlar orada özlərini görmür, ya da bu sahə onların diqqətini cəlb etmir. Məsələn, futbol, basketbol və s. Ancaq bugünkü qəhrəmanımız bu fikrin tam əksini sübut edir. Ümid futbol komandasının üzvü Zeynəb futbolu həyatının mərkəzində yerləşdirməyi bacarıb.

Futbolçu Zeynəb Qədimli : Küçədə oğlanlar futbol oynayırdı. Məndə onlara həmişə həvəslə baxırdım. Axırda məni də oyuna saldılar. Oynadım. Elə mən uşaqlıqdan da televizordan futbola baxıb həvəsim yaranıb. Atam da apardı. Ordan da qız futbol məktəbinə gəldim. Belə də futbola çox marağım var. Bunda ən böyük dəstəkçim atamdır. Atam hər oyuna gələndə mən özümü həvəsli, özgüvənim daha da artıq hiss edirəm. Həmişə hiss edirəm ki, atam arxamdadı. Dayağımdı. Ona görə istəyirəm daha da yaxşı olub atamı qürurlandırım.

 

İdmana və idmançıya dəyər qatan ən birinci nüans onlara sevdiklərinin göstərdiyi mənəvi dəstəkdir. Xüsusilə valideynlər övladını dəstəkləyirsə, bunu idmançı üçün uğura atılan addımların başlanğıcı hesab etmək olar.

Zeynəb Qədimlinin atası Məhərrəm Qədimli : Zeynəb evdə aktiv uşaqdı. Və topla çox oynayırdı. Mən gördüm istedadı var, onu apardım yazdırdım futbola. Özüm narahat idim ki, yıxılar əli qolu zədələnər, ehtiyat edirdim. Ancaq gördüm ki, qabiliyyətlidir, uğurlar qazanmağa başladı. Və mən də həmişə Zeynəbin yanındayam onu aparıram dəstək oluram. Sevinəndə sevinirik, məğlubiyyət olanda evdə mən özüm də məşğul oluram. Çünki mən özüm də keçmiş məşqçi müəllim olmuşam furbol üzrə. Onun o qüsurlarını görürəm istəyirəm onu düzəldim.

 

Bir neçə il öncə ilə müqayisə edəndə demək olar ki, qadınların futbola marağı artıb. Həm qazanılan uğurlar, həm də vaxtaşırı edilən maariflənmə işləri buna təkan verir.

Məşqçi-müəllim Elnur Abdullayev: Ölkədə qadın futboluna maraq əvvəllərə baxanda nisbətən daha yaxşıdır. Misal olaraq elə Gəncə futbounu- qadın futbolunu çəkə bilərəm ki, bu il Gəncədə 3 komanda ilə Azərbaycan çempionatında təmsil olunuruq. Şükür nəticələrimiz yaxşıdır. Digər komandaların da nəticələri qənaətbəxşdir. Keçən il bizim qızlar gözlənilməz bir nəticəyə də imza atdılar.1-ci səfər idi bu yarışda iştirak edirdilər. Getdilər azərbaycan 3-cüsu oldular. Hamı gördü ki, qızlarla işləsən oğlanlar kimi nəticələr əldə etmək olar.

 

Uğurlu addımlar Zeynəbi gələcəyə ümidlə baxmağa, özünü futbolda təsdiq etməyə ruhlandırır.

Futbolçu Zeynəb Qədimli: Futbolla bağlı ən böyük hədəfim qalibiyyətlər qazanmaq öz mill komandamızı başqa ölkələrdə təmsil etmək. Mənim həmişə ən böyük arzum bu olub. Indiyənə kimi də bir çox qalibiyyətimiz olub. Samuxu 8-0, Kəpəzi 5-0, Tovuzu 1-0 udmuşuq. Ümid edirəm ki, komandamla bu qalibiyyətlərimizin sayı artacaq.

 

Uşaqlıqdan bizə öyrədilən mahnıda deyilirdi, "Kim sevirsə idmanı, poladdan olar canı"... Demək ki, idman təkcə oğlanlar üçün deyil. Qız övladlarımızı da maraqları varsa, idmanın istənilən növünə yönəltmək lazımdır.

Zeynəb Qədimlinin atası Məhərrəm Qədimli: Qız ödladlarını idmandan uzaq tutan atalara bildirmək istəyirəm ki, uşağın futbola marağı varsa qoy futbol oynasın. Başqa idman növləri hansına fərqi yoxdur. Qız oğlan nəyə maraqları var. Onunla məşğul olsunlar. Mən öz övladımın valideyn olaraq fikirlərinə hörmət edirəm. Və onlada qürur duyuram. Ona dəstək olduğum üçün.

 

Ataların qızlarını idmanda dəstəkləməsi sevindiricidir. Gələcək üçün böyük ümidlər yaradır. Ancaq təəssüf ki, bir çox hallarda qız uşaqlarının idmana, ələlxüsus da futbola marağı birmənalı qarşılanmır. Bəlkə də bu ayrı seçkilik özünü elə "qadın futbolu" ifadəsində daha bariz şəkildə göstərir. Axı biz "kişi futbolu" demirik.