• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 25.12.2023 20:55

Bəzi məktəblərdə telefon qadağası var

KepezTV Player

Ötən tədris ilinin 2-ci yarımilindən başlayaraq ölkəmizin bəzi məktəblərində şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılmalı və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılmalıdır. Bu, ölkənin pilot olaraq seçilən məktəblərinə şamil edilən tələbdir. Prosesə cəlb olunan məktəblər sırasında rəsmən Gəncə məktəblərinin adının olmadığı açıqlansa da, fərdi qaydada qadağanın tətbiq olunduğu təhsil ocaqları var.

Kənan Cəfərov- şagird: “Dərsə girməmişdən öncə bütün telefonları yığıb, ondan sonra dərsi keçməyə başlayırlar. Dərs qurtardıqdan sonra və yaxud məktəb bitdikdən sonra telefonları yenidən özümüzə geri qaytarırlar”.

Mirtohid Ağazadə- şagird: “Əksər vaxt yığırlar. Ya da biz məktəbə gətirmirik. Hər hansısa bildiriş gələndə fikir yayınır. Məncə, səbəb budur”.

Mirhüseyn Əhmədov- şagird: “Smartfon qadağandır bizdə. Butkaya qoyuram, dərsdən çıxandan sonra götürürəm. Balaca telefona icazə verirlər. Deyirlər, valideyniniz narahat olursa, ondan gətirin”.

Əli Qəhrəmanov- şagird: “Telefonum var, amma adi. Kamerasızdır. Digər telefona icazə vermirlər”.

Yusif Rəhimli- şagird: “Valideynlərim mənə saat alıb. Orda nömrə yığıram, elə əlaqə saxlayıram. Məktəbdə icazə vermirlər tefefon gətirməyə”.

Sübhan Atakişiyev- şagird: “Sinifkom telefonları yığır, qutuya qoyub, rəfə qoyur. Dərs qurtaranda telefonları götürürük. Dərsdə uşaqlar telefonlarla oynamasın deyə, fikirlərini dərsə versinlər deyə yığılır”.

İlqar Tağıyev- şagird: “Birinci dərs gedirik. Bir uşaq seçiblər, o, telefonları yığıb, dolaba qoyur. Axırıncı dərsdə götürüb, elə çıxırıq. 4-5 ildir bu var bizim məktəbdə”.

Elə valideynlər də şagirdlərin fikrini təsdiqləyirlər. Çəkiliş ağardığımız 4 və 39 nömrəli məktəblərdə şagirdlərin məktəbə ya smartfon gətirmələrinə izacə verilmir, onun yerinə sadə telefona icazə verirlər, ya da dərs zamanı telefonlar yığılır. Məktəbdaxili reallaşdırılan bu qadağa valideynlər tərəfindən də müsbət qarşılanır.

Valideyn: “Bizim uşaq 2 ildir burada oxuyur. Gələndən dedilər ki, qadağandır. Münasibətimiz çox yaxşı, ona görə ki, uşaqlar bura oxumağa gəlir, telefonla danışmağa yox”.

Valideyn: “Münasibətim yaxşıdır. Ona görə ki, dərsdən yayınırlar, çox yayınırlar. Bu gün telefon bir xəstəlikdir”.

Valideyn: “Hər iki övladım 39 nömrəli məktəbdə oxuyur. Biz sentyabrın 15-i telefonu alırıq. Bir də yay tətilində veririk. Ancaq məktəbdə də tam ciddi yoxlanılır. Mən görməmişəm ki, hansısa uşaqda telefon olsun. Mənə elə gəlir ki, qadağan olunması daha məqsədəuyğundur”.

Valideyn: “Yığılmağı da ola bilər. Uşaq dərsdən yayınmasın deyə, o daha yaxşıdır”.

Mövzu ilə bağlı fikrini öyrəndiyimiz təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil müəssisələrində şagirdlərə telefon və ya başqa nizam-intizam qaydaları ilə bağlı tələblərin qoyulması məktəbin daxili işidir. Və bu, birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Kamran Əsədov- təhsil eksperti: “Biz bilirik ki, artıq ölkədə 1 ilə yaxındır pilot formatında məktəblərdə xüsusi davranış qaydaları təsdiq olunub və bu həmin 300 məktəbə daxildir. Amma bu, o demək deyil ki, digər məktəblər bunu həyata keçirə bilməzlər. Mövcud qanunveriliciyin tələbinə görə məktəbin pedaqoji şurasında məktəbdaxili nizam-intizam qaydaları hazırlanır. Və burda əgər qeyd olunsa ki, məktəbdə telefondan istifadə, məktəbə şagirdlər tərəfindən onun gətirilməsi qadağandır, bu, birmənalı şəkildə hamıya tətbiq olunacaq. Məktəbdaxili nizam-intizamın təşkil olunmasında birbaşa məsuliyyət daşıyan məktəb direktorları məktəblərin nümunəvi nizamnaməsi əsasında telefondan istifadə məsələsini tənzimləməkdə və bununla bağlı qərar verməkdə müstəqildilər”.

Təəssüf ki, ictimaiyyət tərəfindən məqbul sayılan bu qadağanın adıçəkilən məktəblərdə necə özünü doğrultması ilə bağlı rəsmi münasibət ala bilmədik. Nə məktəb rəsmiləri, nə də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində bununla bağlı danışan olmadı. Amma beynəlxalq təcrübəyə də əsaslansaq, əksər qərb ölkələrində 15 yaşından kiçik uşaqların məktəbə telefonla gəlməsinə məhdudiyyət qoyulub. Ölkəmizdə də bununla bağlı atılan adımlar təqdirəlayiqdir.

Aişə Rzayeva