• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 24.12.2023 19:25

Güclü külək fəsadsız ötüşməyib

KepezTV Player

Gəncədə küləyin maksimal sürəti saniyədə 30 metrədək güclənib, yağış yağıb. Nəticədə şəhər infrastrukturuna ziyan dəyib. 12 yaşayış binasının dam örtüyü tam və ya qismən dağılıb. Gəncənin mərkəzi meydanında Yeni il münasibətilə quraşdırılan “yolka”, müxtəlif ərazilərdəki 39 ədəd iri və xırdagövdəli ağac küləyin təsirindən aşıb. Səki daşları və yol təsərrüfatı da zərər görüb. Bəzi küçə və prospektlərdə məhəccərlər və hasarlar da yararsız hala düşüb, nəticədə vətəndaşlara məxsus 5 avtomobil zədələnib.

Yaşar Xəlilov- zərərçəkən: “Yaxın yoldaş zəng vurdu ki, bərk külək oldu, barı uçdu. Mən də gəldim, gördüm ki, maşının üstünə düşübdür. Həmin vaxt işıqlar da keçmişdi. Bərk qasırğa olub, külək necə vurubsa, barını uçurub, o da maşın qalıb altında. Şükürlər olsun, maşının içində də, yanında da heç kim olmayıb”.

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədovun sözlərinə görə, Birliyin küçə işıqlandırılması sahəsinə də ciddi ziyan dəyib. Güclü külək nəticəsində 8 işıq dirəyi sıradan çıxıb, kərpicdən hörülmüş bir neçə barı uçub. Qısaqapanma səbəbindən şəhərdəki transformatorlardan biri alışıb.

İlqar Əsədov- Gəncə şəhər MKTİB-nin rəis müavini: “Axşam saatlarında - saat 18:30 radələrində qeyri-sabit hava şəraiti nəticəsində güclü külək müşahidə olunmuşdur. Külək şəhər infrastrukturuna ciddi ziyan vurmuşdur. Şəhərin meydanında Yeni il münasibətilə quraşdırılan rəmzi “yolka” ağacı aşmışdır. Küləyin sürəti çox güclü olduğundan tab gətirə bilməmişdir. Eyni zamanda çoxmənzilli yaşayış binalarının dam örtüyünə, yaşıllaşdırma sahəsində ağac örtüyünə ciddi ziyan dəymişdir. Fəsadlar axşam saatlarından başlayaraq aradan qaldırılmaqdadır. Hal-hazırda işlər davam etdirilir”.

Qeyri-sabit hava şəraiti Tovuzda da təsirsiz ötüşməyib. Belə ki, dünən rayon stadionunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri meydançaya aşıb. Hadisə nəticəsində oyun təxirə salınıb.

Süleyman Tağıyev- “Turan Tovuz” FK-nın mətbuat katibi: “Güclü külək nəticəsində işıq projektorlarından biri qırılaraq aşmışdır. Bu səbəbdən də oyun yarımçıq dayandırıldı. PFL və hər iki klubun nümayəndələri ilə bir yerdə keçirilən iclasda yekun qərar oyunun 81-ci dəqiqədən davam etdirilməsidir”.

Anar İsmayılov- Tovuz sakini: “Projektor uçduqdan sonra hakim oyunu dayandırdı və hər kəsi stadiondan çıxardılar. Xəsarət alan olmadı, çox şükür”.

Külək Aşağı Öysüzlü kəndində bir neçə tikilini, o cümlədən Samirə Əkbərovaya məxsus evin dam örtüyünü də yararsız hala salıb. Əşyalara da zərər dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Xalidə Əkbərova- zərərçəkən: “Bir də gördük, möhkəm külək əsdi. Elə qapını açanda gördüm ki, dam örtüyü yuxarı qalxıb-enir. Elə zorla bacımla qonşuya qaçdıq”.

Lətif Hüseynov- zərərçəkən: “Evdə oturmuşduq, birdən elə bildik ki, dünyanın altı-üstünə döndü. Böyük bir külək, fırtına. Çölə çıxdıq,  gördük ki, qonşudan gurultu gəlir. Gördük ki, qonşunun da evini qoparıbdır. Navesi atıb, mətbəxi, hamamı, evin yarı hissəsi tamam əldən çıxıb. Dam ötrüyü yoxa çıxıb”.

Rövşən Mehralıyev- zərərçəkən: “İndiyə qədər belə bir şey görməmişdik. Bu da mənim sexim. Evin belini aparıb, sexim də  burda göz qabağındadır”.

Ağstafa şəhərində isə Səlminaz Cəfərovaya məxsus evin qarşısında olan irigövdəli ağac küləyin təsirindən kökündən qoparaq elektrik xəttini, qaz sayğacını sıradan çıxarıb, elektrik dirəyi evin üzərinə düşüb.

Güclü külək Qubada "Yaşıl Teatr"ın dam örtüyünü uçurub, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Təbii fəlakət Tərtər və Bərdədə də bir sıra fəsadlara yol açıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qeyri-sabit hava şəraiti dekabrın 25-i gündüz saatlarınadək davam edəcək. Fövqəladə Hallar Nazirliyi əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. 

Vüsalə Cənnətova