• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 23.12.2023 20:45

Qızılcaya yoluxmanı azaltmaq üçün dezinfeksiya işləri də aparılır

KepezTV Player

Gəncədə qızılca virusuna yoluxma halları artıb. 80-ə yaxın şəhər sakini bu xəstəlikdən müalicə alır. Yoluxanların çoxu stasionar qaydada Yoluxucu xəstəliklər xəstəxanasında sağalır. 15 uşaq isə Ailə Sağlamlıq Mərkəzlərində qeydiyyata alınaraq ambulator qaydada müalicəyə cəlb edilib. Eləcə də peyvənddən kənar qalan və peyvənd vaxtı tamam olan uşaqlar vaksinasiya edilir. Dekabrın əvvəlindən indiyə kimi Gəncədə 1900 uşaq peyvənd olunub.

Rəşad Məmmədov- valideyn: “Qızlca peyvəndi ilə bağlı övladımı gətirmişəm. Hamıya da məsləhət görürəm ki, övladınızı peyvənd edəsiniz”.

Şəlalə Şahnazarova- valideyn: “Bizim uşağı peyvəndə görə çağırmışdılar, gəldik. Hamıya tövsiyə edirəm ki, peyvəndləri vurdursunlar. Uşaqlara xeyiri var”.

Svetlana Qəribova- tibb bacısı: “Bütün vaksinlər GEM-dən alınır. Soyuq zəncir prinsipinə riayət edirik, gətirib soyuducuya yığırıq. Sahə tibb bacıları tərəfindən çağırılır və burada da vurulur”.

Günay Tağıyeva- Üzeyir Hacıbəyli adına ASM-in rəhbəri: “Dekabırın 1-dən bu prosesə başlamışıq. 800-dən çox uşağa peyvənd vurulubdur. Peyvənddən qalan uşaqlar da çox deyil. Onlar da 10 yaşa kimi vurulur”.

Gəncədə qızılcaya yoluxma qeydə alınan məkanlarda dezinfeksiya işləri də aparılır. İndiyə kimi 13 məktəb, 6 baxça, 1 universitet və 2 yataqxanada bu işlər yerinə yetirilib.

Nurlana Mirzəyeva- Dezinfeksiya Stansiyasının həkim köməkçisi: “GEM tərəfindən bizə məlumat verilir. Gəncə şəhər İnfeksion xəstəxana tərəfindən xəstələrin adı, yaşadıqları ünvan, oxuduqları məktəb, baxça, universitet haqda məlumat verilir. Biz bu ünvanlara əsasən ocaqlı dezinfeksiya işlərini yerinə yetiririk”.

Ülviyyə Dəmirova- 10 nömrəli orta məktəbin direktor müavini: “Son bir ayda 5 nəfər şagirdimiz qızılca xəstəliyinə yoluxmuşdur. Onlardan iksi ikinci sinif şagirdi, biri beşinci sinif şagirdi, iksi səkkizinci sinif şagirdləridir. Mütəmadi olaraq əlaqə saxlayırıq, vəziyyətləri stabildir, müalicə olunurlar. Bununla bağlı Gəncə şəhər Dezinfeksiya Stansiyasına müraciət olunub. Məktəbimizdə dezinfeksiya işləri aparılıb”.

Şəhər Dezinfeksiya Stansiyası tərəfindən qızılca ilə bağlı dezinfeksiya işləri qrafik əsasında davam etdirilir.  

Elnur Vahidoğlu