Qlobal iqlim dəyişikliyi, su çatışmazlığı və şoranlaşma aqrar sahədə innovasiyaların tətbiqini daha da aktuallaşdırır. Azərbaycanda aqrar startap ekosisteminin inkişafı və gənclərin bu sahədə innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradılıb. Gəncədə reallaşan “Aqrar İnnovasiya və Startaplar” forumunda Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar texnologiyaların tətbiqinə dair müxtəlif startap müsabiqələri, yarışma və hakatonların keçirildiyi bildirilib. Nazir Məcnun Məmmədov startapçıların bu gün aqrar sahədə fəaliyyət göstərən iri şirkətlərə öz layihələrini təqdim etmək imkanına sahib olduqlarına diqqət çəkib. Kənd təsərrüfatında innovasiyaların təşviqi və tətbiqinə, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərildiyi vurğulanıb. Bu cür forumların xüsusilə regionlarda keçirilməsinin bölgələrdə startapların inkişafına təkan verəcəyinə əminlik ifadə edilib. Tədbirdə “Aqrar startaplar ekosisteminin vəziyyəti və çağırışlar” mövzusunda panel müzakirə keçirilib, aqrar sahədə uğur qazanan startapların təqdimatları olub. Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan forum çərçivəsində ölkənin müxtəlif bölgələrindən tədbirdə nümayiş etdirilmək üçün 30-dan çox startap iştirakçılara təqdim olunub.
Anar Cəfərov- Aqrar İnnovasiya Mərkəzinin direktoru: “Burada 10-dan artıq yerli akselerasiya və inkubasiya mərkəzləri iştirak edir. Ümumilikdə bu tədbir çox əhəmiyyətli bir tədbirdir. Qeyd etmək istəyirəm ki, burada Koreya Beynəlxalq Əməkdaşlıq şirkəti, Türkiyədən şirkətlər təmsil olunurlar, Azərbaycanda fəaliyyət göstərən ilk “Venture” Fond da burada iştirak edir və bizim startaplarımıza da çox böyük maraq göstərilmişdir”.
Zəfər Qurbanov- ADAU-nun rektoru: “Artıq yeni startupçıların bu forumda iştrakı təqdirəlayiqdir və xüsusi olaraq onu da qeyd etmək istəyirəm ki, Azərbaycan gəncliyi yeni layihələrin, yeni ideyaların xüsusilə Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni, müasir, innovativ üsulların tətbiq olunmasında olduqca maraqlıdır. Güman edirəm ki, belə forumların keçirilməsi gənclər arasında layihələrin icrasına böyük təkan verəcəkdir”.
Fərid Mehdiyev
- Baxış: 220