• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1738
— 18.12.2023 10:26

Gənc xanəndə

Belə bir söz var: “Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”. Bəli, bir xalq olaraq, musiqilərimizlə hər zaman dünyaya səs salmışıq. Musiqinin gözəlliyi sadəliyində və təbiiliyindədir. Bəzən dinlədiyimiz hər hansı bir musiqinin təsiri altında duymadıqlarımızı duyur, anlamadıqlarımızı anlayır, bacarmadıqlarımızı bacarırıq.

Leyla Mehdiyeva- xanəndə: “Əvvəlcə onu qeyd edim ki, mənim əslim qarabağlıdır. Muğama da həvəsim burdan yaranıb. Uşaqlıqdan ailəmin də muğama qarşı sevgimin yaranmasında rolları olub”.

Xalq mahnıları Azərbaycan xalq musiqisinin əsas hissəsini təşkil edir və bu musiqi irsi müxtəlif tarixi şəraitdə öz şəklini bu və ya başqa dərəcədə dəyişib, formalaşdırıb və inkişaf etdirib. Xalq mahnılarında yüksək mənəviyyat, insanların ümid və arzuları, əhval-ruhiyyəsi milli ideyalar tərənnüm olunur. 

Leyla Mehdiyeva- xanəndə: “Əvvəlcə onu deyim ki, hər bir sahənin asan və çətin tərəfi var. Asan tərəfi odur ki, əgər bir işə başlamışıqsa, həmin işi sevərək həvəslə görməliyik. Çətin tərəfi mənə görə, məktəb dərslərimlə birgə sənətimi çatdırmamağım olur ki, bunun da öhdəsindən gəlməyə çalışıram. Bir çox muğam festivallarında iştirak edib, müxtəlif fəxri fərmanlar qazanmışam”.

Muğam bütün hallarda bizim daxili ovqatımıza təsir edir. O, həmişə yerinə düşür -kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları qəlbimizdə aşıb-daşanda da. 

Leyla Mehdiyeva- xanəndə:  Əvvəlcə bildiyimiz kimi, 7 əsas muğamımız var:  “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun”. Hər bir muğamın da özünə görə özəlliyi vardır. Elə ona görə də hər şeyi öz yerində oxumalıyıq. Tara fikir verməliyik. Əsas cəhətləri bunlardır”.

Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur kimi keyfiyyətlər aşılamağa qadirdir.

Leyla Mehdiyeva- xanəndə: “Bu sahədə özünü görmək istəyən gənclərə məsləhətim budur ki, əgər siz bu sənəti seçmisinizsə, sonuna qədər öz üzərinizdə çalışmalısınız. Hədəfi düzgün olan hər kəs tez bir zamanda böyük səhnələrin böyük ulduzları olacaqlar. Özünüzə güvənirsinizsə, bu, əlbəttə elə olacaq”.

Lalə Bağırova

ƏTRAFLI...