• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1423
— 14.12.2023 19:20

"Ermənistandan alınan sülh sazişi şərhləri üzrə Azərbaycan öz mövqeyini formalaşdırır"

KepezTV Player

“Azərbaycan noyabrın sonunda Ermənistandan aldığı sülh sazişi üzrə şərhlərə dair öz mövqeyini formalaşdırır və yaxın vaxtlarda onları qarşı tərəfə təqdim edəcək”. Türkiyəli həmkarı Hakan Fidanla birgə mətbaut konfransında çıxış edən Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşmasında tarixi fürsətin yarandığını deyib. O, Ermənistanın hazırladığı təkliflər paketi haqqında da danışıb.

Ceyhun Bayramov- Xarici işlər naziri: “Ermənistandan aldığımız təkliflər paketi əvvəlkilərlə eyni deyil. Yeni təkliflər paketində nikbinlik var. Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür. Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır. Yaxın zamanda qarşı tərəfə təqdim edəcək”.

Ceyhun Bayramov Ermənistan xarici işlər nazirinin Ermənistan-Azərbaycan sərhədindən hər iki ölkənin qoşunlarının geri çəkilməsi məsələsilə bağlı fikirlərinə də münasibət bildirdi.

Ceyhun Bayramov- Xarici işlər naziri: “Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb. Bu, kifayət qədər mürəkkəb məsələdir. Tam razılaşma olmayan halda qoşunlar geri çəkilirlərsə, kim zəmanət verə bilər ki, tərəflərin hər hansı biri yenidən həmin mövqeləri tutmayacaq? Qoşunların geri çəkilməsi ilə bağlı təklifin arxası da vardı və bu, Azərbaycan üçün qəbuledilməz idi. Bu gün Azərbaycan Ordusu Azərbaycan sərhədlərini qoruyur. Bu da məntiqlidir”. 

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirib.

Hakan Fidan- Türkiyənin xarici işlər naziri: “Sülh danışıqlarının hansı mərhələdə olduğunu Prezident İlham Əliyev və nazir Ceyhun Bayramovla danışmışıq. Hesab edirik ki, sülhün bərqərar olması üçün kiçik texniki detalları çıxmaq şərti ilə heç bir problem yoxdur".

Ceyhun Bayramov- Xarici işlər naziri: “Türkiyə Ermənistanın qonşusudur və prosesə bilavasitə aidiyyəti olmayan, çoxsaylı təşəbbüslər irəli sürən bəzi üçüncü ölkələrdən fərqli olaraq bilavasitə region ölkəsidir və burada dayanıqlı sülhün, inkişafın, iqtisadi əməkdaşlığın bərpa olunmasında maraqlıdır. Zatən Azərbaycan masada varsa, Türkiyə də masada var. Eyni praqmatik düşüncə ilə Ermənistan tərəfi də hərəkət etsə, Türkiyənin masada olması Ermənistanın özü üçün də əlverişli olardı”.

Azərbaycanla Ermənistanın sülhə doğru gedən yolunda Ermənistan-Türkiyə münasibətləri də gündəmdədir. Hakan Fidan iki ölkənin sərhədlərinin açılmasının mümkünlüyündən danışıb.

Hakan Fidan- Türkiyənin xarici işlər naziri: “Türkiyə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini, suverenliyini tam bərqərar etməsini hər zaman dəstəkləyib. Türkiyə iki ölkə arasında barış danışıqlarını hər zaman dəstəkləyir. Azərbaycanla Ermənistanın münasibətləri normallaşarsa, Türkiyənin də Ermənistanla münasibətləri dərhal normallaşacaq. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını hər zaman dəstəkləyib”.

Azərbaycan və Ermənistanın birgə bəyanatının etimad quruculuğu istiqamətində iki ölkə arasında əldə olunmuş çox ciddi nailiyyət olduğu vurğulanıb. Ermənistan razılaşmalara əməl edəcəyi təqdirdə, qısa zaman ərzində münasibətlərin daha yüksək səviyyədə inkişafının mümkünlüyü xüsusi qeyd olunub. 

Vüsalə Cənnətova