Bu gündən Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır. Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən içlasının qərarı rəsmi dərc olunub. Təqvim planına əsasən, 2024-cü il yanvarın 15-dən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Proses fevralın 6-sı saat 8-də dayandırılacaq. Gələn il yanvarın 8-dək növbədənkənar Prezident seçkilərinə görə xaricdə seçki məntəqələri yaradılacaq. Ayın 28-də isə seçki bülletenləri hazırlanacaq. Yanvarın 31-dək səsvermənin keçirilmə tarixi,vaxtı və yeri barədə bildirişlərin seçicilərə paylanması yekunlaşacaq. Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkiləri ilə əlaqədar 2024-cü il yanvarın 18-dək "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək. Yanvarın 28-dək isə “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul olunacaq. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim ediləcək. Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü ilin fevralın 7-də keçiriləcək.
- Baxış: 141