• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 08.12.2023 08:46

Bakı 32 erməni, İrəvan isə 2 azərbaycanlı hərbçini azad edir

KepezTV Player

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistanın Baş nazirinin Aparatı birgə açıqlamasında bildirilib. Qeyd edilib ki, Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşürlər. İki ölkə münasibətlərini normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına  ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan və Ermənistan əlavə etimad quruculuğu tədbirləri üçün müzakirələri davam etdirəcək. Tərəflər beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.