Azərbaycanda erməni azlığı sülh mətninə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınan azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır. Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək. "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunan Beynəlxalq Forumda Ermənistanın bu təklifi də rədd etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev, Ermənistanın beş məlum prinsipi qəbul etməyə yaxın olduğunu da vurğulayıb.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana zəmanət verilməlidir.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var. İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun”.
Prezident İlham Əliyev tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə yaşanan müəyyən anlaşılmazlıqlara da diqqət çəkib.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin”.
Ölkə başçısı, Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmədiyini bildirib. O qeyd edib ki, bu, çox praqmatik yanaşmadır, səbəbi də bəllidir.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz real dünyada yaşayırıq, virtual dünyada deyil. Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək. Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”.
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda 30 ölkəni təmsil edən 60 xarici ekspert iştirak edib. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.
Vüsalə Cənnətova
- Baxış: 192