• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2352
— 04.12.2023 20:42

5-ci titula doğru

KepezTV Player

Qərb bölgəsi üzrə Gəncə ilə yanaşı Goranboy və Göygöl də ölkənin idman mərkəzi olmağa namizəddir. Lakin mübarizə konkret kriteriyalar əsasında aparılır və “İdman paytaxtı” olmaq üçün tələblər yerinə yetirilməlidir.

İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Burada əsas tələb normaları şəhərin idman infrastrukturudur, eyni zamanda şəhərdə keçirilmiş idman tədbirləri və şəhər və rayonların təbiəti, mətbəxi, bu kimi kriteriyalar nəzərə alınır. Mən də düşünürəm ki, bizim Gəncə şəhəri və eyni zamanda bizim regiona aid olan şəhər və rayonlar, əvvəllər bir neçə dəfə belə bir tədbirlərə ev sahibliyi edib. Biz də bütün bunları əsas götürərək, bu təqdimatda iştirak edirik. Düşünürəm ki, bu ada layiq görülsək, bu layihənin öhdəsindən yüksək səviyyədə gələrik”.

Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın “Gənclər Paytaxtı” elan edilir ki, bu naminasiyada da idarə tərəfindən Goranboyun namizədliyi irəli sürülüb.

İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Bu il Mingəçevir şəhəridir, növbəti 2024-cü il Lənkəran şəhəri seçilibdir. Biz Gənclər paytaxtı olaraq bizim regiondan Goranboy rayonunu təqdim etmişik. Bu da düşünürəm ki, bu ada layiq görülsək, bölgəmizdə gənclər üçün faydalı olar, onlar üçün müxtəlif tədbirlər təşkil olunar. Gənclərimizin istər dünyagörüşü, istər asudə vaxtlarının təşkili, Goranboy şəhərinin tanıtımı üçün tövfə olar”.

Gəncə şəhəri 2025-ci il üçün “MDB-nin İdman Paytaxtı” seçilib və 3-cü MDB Oyunlarına ev sahibliyi edəcək. Gəncədə dəfələrlə bu cür layihələrin iştirakçısı olmuş Millət vəkili Müşfiq Cəfərov da bununla bağlı fikirlərini bölüşür. 

Müşfiq Cəfərov- millət vəkili: “Artıq bu gün Gəncədə kifayət qədər böyük infrastruktur yaranıb. Bu, Azərbaycanın İdman Paytaxtı titulunu layiqincə həyata keçirmək üçün imkanlar yaratmış olacaq, çünki burada tikilən, inşa olunan böyük idman sarayı, o cümlədən təhsil idman mərkəzinin yeni qurğuları və həmçinin futbol akademiyası, hansı ki, artıq istifadəyə verilir və stadionun yenidən qurulması, həmçinin burada idman liseyinin artıq hal-hazırda istifadəyə verilməsi, yəni bütün bu qurğular təbii ki, idmanın inkişafına böyük bir təkan verir, idman ilində də o cür böyük tədbirlərin keçirilməsi üçün bir imkan yaratmış olur. Düşünürəm ki, əgər Gəncə şəhəri belə bir titula layiq görülərsə, Azərbaycanda nümunəvi bir idman şəhəri kimi çıxış edə bilər”. 

Bu cür layihələr gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin reallaşdırılmasına dəstək verir. Gənclər və İdman Nazirliyinin yekun qərarı bu ayın sonunda açıqlanacaq. 

Ramin Paşayev