Regionda mərkəz rolunu oynayan Gəncədə qızılcaya yoluxma ilə bağlı durumu öyrənmək üçün Yoluxucu Xəstəliklər Xəstəxanasına üz tutduq. Burada mövsümi xəstəliklərə görə müraciətlərin olduğu bildirilsə də, ölkənin ikinci böyük şəhərində hələlik qızılca ilə əlaqədar heç bir neqativ halın aşkar edilmədiyi qeyd olunub.
Gəncə ilə müqayisədə Goranboyda vəziyyət fərqlidir. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, son 10 gün ərazində qızılca xəstəliyinə yoluxan 13 nəfər müraciət edib. Hazırda 4 nəfər tibb ocağında müalicə alır. Onlardan 2-si azyaşlı, 2-si isə böyükdür. Tovuzda da yoluxma halları qeydə alınıb. Bu günə olan məlumata görə, vəziyyəti ağır olan 5 azyaşlıya Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilir. Qərb regionuna daxil olan digər şəhər və rayonlarda isə tibb müəssisələrinə bu günə qədər yoluxma ilə bağlı müraciət daxil olmayıb. Ancaq ehtiyatı əldən verməyən regional təhsil idarələri nərazət tədbirlərini gücləndiriblər.
Rəsmi məlumatlara görə, hazırda qərb bölgəsində 10-a yaxın qızılca xəstəsi qeydiyyatdadır. Qarşıdakı günlərdə bu sayın artması istisna edilmir. Buna görə mütəxəssislər sakinləri sıx toplaşılan yerlərdən çəkinməyə və profilaktiki tədbirlərə riayət etməklə, peyvənd vurdurmağa çağırırlar.
Orxan Cəfərzadə
- Baxış: 276