• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1128
— 02.12.2023 11:24

Qış çevrəmizə gəlir, ya bizə?

Qış çevrəmizə gəlir, yoxsa bizə? Havalar soyuyan kimi bir çox gəncin artıq evə qapandığının şahidi oluruq. Buna səbəb depressiyadırmı, yoxsa, sadəcə hava ilə bağlıdırmı? Bu gün gənc müsahibimizlə birlikdə bu mövzuya aydınlıq gətirəcəyik. Artıq havaların soyuması ilə qış fəsli gəlişini bizə göstərir, deyə bilərik. Mütəxəssislərin fikrinə əsasən, günəş şüalarını daha az qəbul etmək, beyindəki bəzi hormonların işləməsində pozulmalara səbəb ola bilir, bu səbəblə də, depressiya duyğularımız artmağa başlayır. Onların məsləhətinə görə, müəyyən məşğuliyyətlər və oyunlarla zaman keçirərək anı daha maraqlı edə bilərik.

Fatimə Abdülhəsənova- gənc könüllü: “Qış həm çevrəmizə, həm də bizə gəlir. Artıq hava dəyişkənliyi insanların vaxtlarını daha çox evdə keçirməsinə səbəb olur. Ancaq digər fəsillərdə, yəni, isti və mülayim havada daha çox sosial olurlar. Sanki heç bir işlə məşğul olmaq istəmirlər, bu da depresiyaya düşmələrinə gətirib çıxarır. İnsanlar daha çox yatırlar, ona görə də passivləşirlər”. 

Mövsümi dəyişiklik insanın psixi vəziyyətinə, enerjisinə, yuxu rejiminə, iştahına, qidalanma vərdişlərinə, eləcə də sosial həyatına təsir göstərir. Görəsən, Fatimə xanıma fəsil dəyişkənliyi necə təsir edir.

Fatimə Abdülhəsənova- gənc könüllü: “Mən rəssam olduğuma görə, qışda evdə olanda da rəsm çəkirəm, öz sahəmlə məşğul oluram. Aktiv olmağa çalışıram. İçinə qapanıq olmağı sevmirəm”.

Ətrafımızdakı insanların zövqləri fərqli olduğuna görə, sevdikləri  məşğulliyyətlər də dəyişkənlik təşkil edir. Düzdür, bəzən sevdikləri işlə məşğul olmayan insanlar artıq havalar soyuyanda heç bir şey etmək istəmirlər və çox vaxt sosiallıqdan uzaqlaşıb, özlərini müəyyən müddətə cəmiyyətdən təcrid edirlər. Ancaq digər bir səbəb də var.

Fatimə Abdülhəsənova- gənc könüllü: “Gənclərin depresiyaya düşməklərinin ikinci səbəbi sosial şəbəkələrdir ki, vaxtlarının daha çoxunu orda keçirdiklərinə görə öz sənət və peşələrinə vaxt ayırmırlar. Hətta ailələri ilə də zaman keçirmirlər, dostları  ilə görüşmürlər. Bütün bunların nəticəsində də passiv olurlar və tək qalırlar. Bu vəziyyətdən çıxmaq üçün sosial şəbəkələrdən uzaq durmaq lazımdır, yaxınları ilə daha çox vaxt keçirməyə çalışmalıdırlar. Ən əsası da öz üzərlərində hər zaman işləməlidirlər”.

Sonda, gənc olaraq, depressiya, yaxud da özünə qapanıq olan gənclərə nə məsləhət verə bilərsiniz?

Fatimə Abdülhəsənova- gənc könüllü: “Müxtəlif işlərlə, bizə faydalı olan işlərlə məşğul olmaq lazımdır. İnsan gərək hər zaman öz bacarığını artırmağı bacarsın. Bunun üçün müxtəlif dərnəklərə və kurslara yazılaraq da bunu edə bilərlər”.

Lalə Bağırova    

ƏTRAFLI...