• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1253
— 28.11.2023 19:19

Sakinlər avtobus istəyir, amma...

KepezTV Player

Əvvəllər Şıxlar kəndinə avtobus işləyib. Özü də gündə 3-4 dəfə. Amma sakinlərə məlum olmayan səbəbdən kəndin 2 km-də yerləşən Əhmədabad kəndi son dayanacaq kimi müəyyənləşib. 

Şıxlar kəndinə gələn avtobus bu yoldan kəndə daxil və buradakı dayanacaqdan sakinləri götürərək şəhərə yola düşür. Sakinlərin dediyinə görə, avtobus Əhmədabad kəndinə kimi gəlir və Şıxlar kəndinin sakinləri bu problemdən əziyyət çəkirlər, şəhərə ancaq taksilər vasitəsilə getmək imkanı əldə edirlər.

Ələddin Əliyev- kənd sakini: “Keçmiş sürücülər əvvəllər avtobusun qarşısına Əhmədabad yazdılar, bizi aldatdılar ki, qoy belə olsun, Şıxlardan dönək, planımız az olsun. İndi də yeni nəsil Əhmədabad yazısı olduğu üçün Gəncədən mindirir, gətirir Əhmədabadda düşürür. Qız, gəlin, hətta qonaqlar Əhmədabaddan piyada bura gəlir. Eləsi var kəndə qonaq gəlir, tanımır buranı, onu da orada düşürür”.

Habil Həsənov- kənd sakini: “Biz şəhərə getmək üçün, ərzaq almaq üçün ancaq taksi çağırmalıyıq. Maşınla getməliyik. Goranboya çıxışımız yoxdur, gərək maşın tutaq, Dəliməmmədliyə gedək, oradan da rayona”.

Avtobusun kəndə işləməməsi səbəbindən sakinlərin rayon mərkəzi və Gəncə ilə əlaqəsi çətinləşib. Sakinlər sürücülərin yolu bəhanə edərək kəndə gəlməkdən imtina etdiklərini deyirlər.

Habil Həsənov- kənd sakini: “Marşrutda işləyən deyir, yaxşı edirəm gəlmirəm, mənim ora marşrutum yoxdur, sonuncu dayanacaq Əhmədabaddır. Sonra da deyir ki, yolunuz pisdir, daş töküblər. Biz o yolu gəlmirik, adam az olur”.

Sahil Abbasov- kənd sakini: “Avtobusa deyirik ki, niyə kəndə işləmirsən? Deyir, o yolla kim işləyər? Yeke-yekə daşlar töükblər. Asfalt çəkilsin, gələk-gedək”.

Şıxlar kəndindən 35-40 km məsafədə yerləşən Gəncəyə getmək üçün avtobusa adambaşına 1.50 qəpik yol haqqı verən sakinlər, taksiyə isə 3-4 qat çox ödəməli olurlar. Bu da daimi şəhərə gedib-gələnlərin büdcəsinə uyğun deyil.

Rəqsanə Əliyeva- kənd sakini: “Mənim yoldaşım Gəncədə işləyir, məcburdur ki, hər gün səhər saat 6-da piyada işə getsin. Qızım da hazırlığa gedir. Hər gün ona 5 manat verirəm”. 

Minayə İsmayılova- kənd sakini: “200 dəstə göyərti aparıram şəhərə, 14 manat pul alıram, onu da 20 manat verib geri qayıdıram. Bu kənddən 20 manata aparıb-gətirirlər, neyləyək?”

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə məsələyə belə münasibət bildirildi.

Tural Orucov- AYNA-nın mətbuat katibi: “Goranboy rayonunun Şıxlar kəndində əməkdaşlarımız tərəfindən daha əvvəl də monitorinq aparılmışdı. Əhali sayı 280 nəfər olan kəndə əvvəllər pilot layihə kimi sərnişindaşıma fəaliyyəti həyata keçirilirdi. Bu istiqamətdə sərnişin axınının az olması ilə əlaqədar, marşrut xəttinin rentabeli olmaması müəyyən edilib və fəaliyyəti dayandırılıb. Qeyd edək ki, Şıxlar kəndinin yaxınlığından Qaramusalı-Gəncə və Əhmədabad-Gəncə fəaliyyət göstərir ki, Şıxlar kəndinin sakinləri də bu marşrutların xidmətindən yararlana bilərlər”.

Qurum rəsmisinin sözündən də aydın olur ki, Şıxlara avtobusun işləməməsi yol sarıdan yaranan çətinlik yox, kəndə hərəkət etmənin gəlirli olmaması səbəbindəndir. Odur ki, əliniz cibinizdə olsun, Şıxlar sakinləri.

Orxan Cəfərzadə