Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq
Bakıda müdafiə naziri Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyi qeyd edilib. Hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib
Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler də ilə görüşüb. Görüşdə ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə edilib. Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb. Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb. Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib
Bakıda həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib. Üçtərəfli görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Nazir regionda vəziyyəti gərginləşdirmək istəyən ölkələrə xəbərdarlıq edib
"Regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir". Bunu müdafiə naziri Zakir Həsənov üçtərəfli görüşdən sonra keçirilən mətbaut konfransında deyib. Onun sözlərinə görə, müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti qeyd olunub: "Xüsusilə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsi regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdiddir. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasının vacibliyi bir daha vurğulandı" - deyə nazir bildirib.
- Baxış: 251