İstənilən fəaliyyətin uğurlu inkişafı ilk növbədə yüksək ixtisaslı və peşəkar kadr heyətinin mövcudluğundan asılıdır. Bundan irəli gələrək Dövlət Məşğulluq Agentliyi əhalinin əmək şəraiti və Məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində işlər görür. İşsiz və işaxtaran şəxslərin peşə hazırlığına cəlb edilməsi, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilməsi görülən işlər sırasındadır. Şəxslərin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünə iş tapmasına hesablanan özünüməşğulluq proqramı da bu baxımdan mühüm rol oynayır.
Pərviz Əliyev- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının şöbə müdiri: “14,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib. Bu ilin 10 ayında 9,2 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Digər bir istiqamət olaraq 175,2 min şəxsə peşəyönümlü xidmətlər göstərilib və adıçəkilən xidmətin 10 min nəfərə göstərilməsi Gəncə-Daşkəsən RMF tərəfindən həyata keçirilmişdir”.
Görülən işlərin nəticəsi olaraq Məşğulluq Agentliyi bu ilin yanvar-oktyabr aylarında 300 minə yaxın şəxsi aktiv Məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 96,4 min nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə özlərinə iş tapıblar.
Pərviz Əliyev- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının şöbə müdiri: “Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən qeydiyyata alınmış ümumi işsizlərin sayı 13 mindən artıqdır. Tək Gəncə şəhəri üzrə 4 mindən artıq işsiz şəxs qeydiyyatdadır. Hazırda Regional Məşğulluq filialının alt sistemi üzrə baxsaq, məşğulluq alt sistemi üzrə baxsaq, 3 minə yaxın vakant yer mövcuddur. İşsiz şəxslərlə bağlı aktiv məşğulluq tədbirlərindən biri olan əmək yarmarkaları mütəmadi olaraq Gəncə şəhərində və ətraf rayonlarda təşkil olunur. Və onların əmək yarmarkasında işəgötürənlərlə birbaşa təması təşkil edilir. Fürsətdən istifadə edib, anonsu vermək istəyirəm ki, inşallah, üzümüzə gələn həftənin 3-cü günü - 29 noyabr saat 11:00-də Samux rayonunun mərkəzində də əmək yarmarkası keçirilməsi planlaşdırılmışdır”.
Dövlət siyasətinin əsas istiqamətlərindən biri də dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən məşğulluğun təminatıdır. Ona görə də bu sahədə görülən işlərin miqyası ildən-ilə genişlənir, yeni iş yerləri yaradılır, işaxtaranların özünüməşğulluq imkanlarının artırılması diqqət mərkəzində saxlanılır.
Aişə Rzayeva
- Baxış: 280