2011-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 31 minə yaxın olub. Növbəti illərdə bu say azalsa da, ötən ildən rəqəmlər yenidən artım nümayiş etdirir. Bütün doğulanların hardasa 15%-i. Bu cür neqativ hallar daha çox rayon və kənd yerlərində baş verir. Səbəbsə, qızların erkən evləndirilməsidir.
Məsim Abadov- ekspert: “Hardakı maarifçilik az olur, harda ki, təbliğat az olur, ailə planlaması haqqında anlayış olmur, onlarda bu olur. Kənd yerləri deyəndə, biz nəyə görə daha çox buraları deyirik, çünki orada daha az sənədləşmə tələb olunur. Elə bir-birini tanımaqla, bilməklə, bələdiyyə ilə, kənd icra nümayəndəliyi ilə tanış olmaqla bu işləri həll edə bilirlər. Buna, ana olan qızların qanunla icazə verilən yaş həddinə çatmamağı əsas səbədir. Çünki onlar nikaha düşə bilmirlər. Vaxt gözləyirlər ki, vaxt tamam olanda olar. Bunun da fəsadları çox pis olur”.
Belə nəticəyə gəlmək olar ki, nikahdankənar doğulan uşaqların əksəriyyəti 18 yaşın altında olan analar tərəfindən dünyaya gətirilir. Həkimlər də azyaşlı qızların hamiləliyi ilə demək olar hər həftə qarşılaşırlar. Bu isə həm ananın, həm də uşağın səhhəti üçün təhlükəlidir.
Aygün Həmidova- cərrah mama- ginekoloq: “Biz periferiyada işlədiyimizə görə, bu cür hamilələrlə daha çox rastlaşırıq. Həftədə olur 2-3 dəfə. Təbii ki, biz bunun hamısını lazımi orqanlara xəbər veririk. Fəsadları təbii ki, çoxdur. Uşaq orqanizmi olduğuna görə, dölün yetişməsi ilə bağlı problemlər ola bilər, erkən doğuşlar ən önəmli fəsadlardan biridir. Təkrarlanan düşüklərə, erkən abortlara səbəb ola bilər. Uşağın tez doğulmasından dolayı küvəzdə qalması, aşağıçəkili uşaq doğulması, doğduğu uşağın da əslində tam sağlam olmaması kimi simptomlar ola bilər”.
Araşdırmalar onu göstərir ki, rəsmi nikaha girməyənlərin bir çoxunun dini nikahı var. Yəni insanlar hesab edir ki, onların ailə münasibətlərinin hüquqi əsaslı olması və qorunub saxlanılmasına dini nikah kifayət edir. Sosioloqlar isə deyir ki, rəsmi nikahdan olmayan uşaqların gələcəkdə şəxsi inkişafında ciddi maneələr yaranır.
Salman İmanlı- sosioloq: “Bizim dövrümüzdə belə dini nikahın kəsilməsi vacib hesab olunurdu. Amma mən hesab edirəm, birinci, dövlət qeydiyyatıdır. Bunun olması çox vacibdir. Rəsmi nikahı olmayan ailələrin övladlarının problemləri əmələ gəlir. Onların sənədləşməsində məktəbə getməsində, sonra gələcəkdə digər sənədlərdə problemlər olacaq. Həm də sosial məsələlərdə bunlara çox problemlər əmələ gələr”.
Nikahdankənar doğulanların gələcəkdə qarşılaşa biləcəkləri problemlər mütləq nəzərə alınmalıdır. Bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür.
Aişə Rzayeva
- Baxış: 295