• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 25.11.2023 20:24

Peşəyə yiyələnməyin məktəbi

KepezTV Player

Peşə təhsili səviyyəsi əmək bazarına gedən ən kəsə, qısa yol hesab olunur. Tədrisin əsas hissəsinin təcrübədən ibarət olması, tələbələrə pedaqoqlarla yanaşı, peşəkar mütəxəssislərin bələdçilik etməsi, sənəti daha yaxşı öyrənməyə imkan verir. Eyni zamanda istehsalat təcrübəsinin işəgötürən müəssisələrdə təşkili və qısa müddətdə iş tapmaq imkanı da təhsilalanların peşə təhsilinə üstünlük verməsi üçün əsaslı səbəblərdir.

Məhəmməd Abdullayev- tələbə: “”Torno” və “Frezer” dəzgahları üzrə operator ixtisasının 3-cü kurs tələbəsiyəm. Peşəyə gəlməkdə məqsədim tornoçu olmaqdır. 9-cu sinfi bitirəndə, mən ya usta yanına gedib öyrənməli idim, ya da peşəyə gəlməli idi. Mən peşəni seçdim. Çünki, usta yanına getməkdən daha yaxşı olduğunu düşündüm. Çünki həm diplom verir, həm zavodda bizə praktika öyrədir. Və biz ixtisasımızı bitirdikdən sonra, bizi zavodda işlə təmin edir”.

Elmar Hüseynov- tələbə: “İsitmə və soyutma sistemləri üzrə mütəxəssis ixtisasında oxuyuram. Peşə təhsilini seçməyimin məqsədi isə burda sahənin həm dərinliklə öyrənilməsi, həm də sonunda diplom verilməsidir”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli bildirir ki, son illər peşə təhsili müəssisələrinin qəbul sayı əhəmiyyətli dərəcədə artıb.

Nəriman Kərimli- Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi: “Qeyd edim ki, hal-hazırda peşə təhsili sitemində 31 min 500-dən çox tələbə təhsil alır. Bunlar 96 peşə təhsili müəssisəsində resbublikanın 50-dən çox regionunda öz təhsillərini müxtəlif istiqamətlər üzrə davam etdirirlər. Peşə təshilinə gənclərin marağının artması, peşə təhsilinə gənclərin yönəlməsi bir çox amillərlə öz sözünü deyir. Bunlardan biri də peşə təhsilini müəssisələrində müasir infrastrukturların qurulması, kurikulumların və dərsliklərin yenilənməsi, yeni proqramların yaradılmasıdır”.

Lakin peşəni təhsil alaraq yox, təcrübə toplayaraq da öyrənənlərin sayı az deyil. Daha qısa müddətdə, vaxt məhdudiyəti olmadan praktik bacarıqlar əldə etmək istəyənlər, üz tutur müxtəlif peşə ustalarının yanına. Elmar Vəliyev də peşəyə usta yanına getməklə yiyələnmək istəyənlərdəndir.  

Elmar Vəliyev- təcrübəçi: “2 ildir artıq Nizami ustanın yanında sənət öyrənirik. Peşə məktəbinə də gedib öyrənmək olardı, amma mənim məktəbə getməyə vaxtım oomadığı üçün birbaşa burada gəlib öyrənmişəm. 2 il ərzində Nizami usta mənə bütün incəlikləri öyrədib”.

Nizami Vəliyev- usta: “Bu sənətə marağı olan uşaqlar gəlirlər, biz burda sənəti öyrədirik. Bizdə praktika şifahidir. Gəlib öyrənirlər. Tələbələrim də var, indi sırf bu işlə məşğul olurlar. Başqa yerlərdə işləyirlər və ya özlərinə yer açırlar”.

Ekspertlər isə deyir ki, işəgötürənlər nəzəri biliklərən daha çox praktiki bacarıqlara üstünlük verirlər. Amma bu bacarıqları tətbiq etmək üçün nəzəri bilikləri də öyrənmək əsasdır.

Kamran Əsədov- ekspert: “Birmənalı şəkildə bu peşələrin əlçatan olması şagirdlərin 9-cu sinifdən sonra əmək bazarına daxil olmasına mütəxəssis kimi yetişməyə bu təhsil pilləsi kömək edir. Və hesab edirəm ki, biz peşə təhsilinin keyfiyyətini artırsaq insanlar kütləvi şəkildə orta ixtisas, ali təhsilə yox, daha gəlirli gələcəkdə mütəxəssisə çevrilmələrinə kömək edə biləcək peşə təhsilinə gedəcəklər”.

Hazırda peşə təhsili müəssisələrində İKT, turizm, kənd təsərrüfatı, sənətkarlıq, mədəniyyət , emal sənayesi kimi sahələri əhatə edən 128 ixtisas tədris olunur. 2026-ci ilədək belə müəssisələrə qəbul sayının 27 min tələbəyə çatdırmaq planlaşdırılır.

Aişə Rzayeva