• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 25.11.2023 19:52

Kəlbəcər sakinləri özəl günlərini sevinclə bayram edirlər

KepezTV Player

Əhliman Allahverdiyev- Kəlbəcər sakini:

“Sücayət, neyləyək, vaxt belə vaxtdır,

Darıxma, hər şeyi həll edən vaxtdır.

Bir gün gülə-gülə qayıdacaqdır,

Ağlaya-ağlaya köçən Kəlbəcər.

Doğrudan da, biz o vaxt ağlaya-ağlaya gəldik. Amma bu gün gülə-gülə Kəlbəcərimizə qayıdırıq. Eləcə də o biri torpaqlarımıza, bu günə min şükür”.

Bu gün kəlbəcərlilərtək bütün Azərbaycan sevinclidir. Çünki məcburi köçkün adlı sakini yoxdur, işğal altında inləyən torpağı kimi. Kəlbəcər də azadlığını bayram edir. 30 ilə yaxındır sazı-sözü qəm-kədər olan kəlbəcərlilər, indi Şəhər gününün sevincini yaşayır.

Zahid Abbasov- Kəlbəcər sakini: “Vətənimizi bir güllə atmadan prezidentimiz işğaldan azad etdi. 28 il işğalda olan torpağımız azad edildi. Prezidentimiz, əsgərlərimiz var olsun. Sevincimizin həddi-hüdudu yoxdur”.

Vahid Mamedov da şəhər gününün sevincini yaşayanlardandır. Kəlbəcər azadlığına qovuşandan sonra ora ilk arıçı kimi gedənlərdəndir. Doğma torpağa qovuşduğu üçün xoşbəxtliyini dilə gətirərək Kəlbəcərdə yaşamaq və təsərrüfatla məşğul olmağın arzusundadır.

Vahid Mamedov- Kəlbəcər sakini: “Çox şükür ki, ölkəmiz güclüdür, qüvvətlidir. Kəlbəcərdə quruculuq işləri davam edir. 2024-cü ildə ilk köç nəzərdə tutulubdur. Mən də geridönüş üçün qeydiyyatdan keçmişəm. Kəlbəcərə qayıdıb, Kəlbəcərdə təsərrüfat işləri ilə məşğul olmaq istəyirəm. Orada böyük arıçılıq təsərrüfatı ilə məşğul olub, ölkəmə xeyir vermək istəyirəm”.

İndi kiçiyindən tutmuş böyüyünə kimi bütün kəlbəcərlilər, geridönüş barədə düşünür. Hətta Kəlbəcərdən olub, Kəlbəcəri görməyənlər belə. 

Elçin Salahov- YAP Kəlbəcər rayon təşkilatın böyük məsləhətçisi: “2024-cü ildən artıq köç başlayacaqdır. Cənab prezident verdiyi vədləri vaxtında yerinə yetiribdir. Kəlbəcərlilər də yaxın 2-3 il ərzində demək olar ki, 100 faiz məskunlaşacaqdır. İsti su doldurma zavodu, sanatoriyalar, Tərtər yolu, Ağdərə yolu açılandan sonra daha da intensivləşibdir. Biz hamımız inanırıq ki, yaxın gələcəkdə doğma yurdumuza, Kəlbəcərimizə qayıdacağıq”.

Nərmin Səfərova- müəllimə: “Kəlbəcər rayon Körpələr evi 4 saylı uşaq baxçasında artıq 8 ildir ki, tərbiyəçi müəllimə vəzifəsində işləyirəm. Bu gün Kəlbəcərin işğaldan azad edildiyi bir gündür. Bu münasibətlə xalqımızı, bütün Kəlbəcərliləri təbrik edirəm. İnşallah Kəlbcərdə baxçamız açılsın və biz də hər birimiz doğma Kəlbəcərimizdə fəaliyyət göstərək”.

Ramiz Əliyev- Birinci Qarabağ müharibəsinin iştirakçısı: “Azərbaycan xalqının ən şərəfli günlərindən biridir. Ali baş komandan başda olmaqla Azərbaycan xalqı qələbə çaldı. Qarabağımız düşmən tapdağından azad olundu. Bu gün biz kəlbəcərlilər ən sevincli günlərimizi yaşayırıq. Kəlbəcər şəhəri günüdür”.

Təqvimə daxil olan 25 noyabr tarixi Azərbaycan var olduqca, Kəlbəcərin günü olaraq yaşanacaq. Elə digər şəhər günləri kimi, özü də əbədi.

Elnur Vahidoğlu