• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 23.11.2023 10:39

Telefon asılılığı, yoxsa dövrün tələbi?

Yeni dövrün  tələblərinə əsasən, smartfonlar həyatımızda mühüm rol oynayır. Ancaq təəssüf ki, hər şeyin artığı ziyanlı olduğu kimi, telefondan da həddən çox istifadə zamanı mənfi nəticələr özünü göstərir. Artıq demək olar ki, gənclər telefonsuz yaşaya bilmir. Bəs bu asılığın sonu hara gedir?

Bu gün mobil telefonlar, demək olar ki, həyatın bütün sahələrində insanın davranış və düşüncələrinə təsir edir. Hətta bəzi insanlarda bu, adət halını alıb. Ehtiyac üçün yox, vərdiş halına çevrildiyi üçün telefondan ayrıla bilmirlər. Qeyd etməliyik ki, smartfonlardan həddən artıq istifadə müəyyən problemlərə gətirib çıxarır. Məsələn, artıq bəzi insanlar mobil telefondan uzaq qaldıqları zaman onlarda təlaş, pərişanlıq və təşviş yaranır. Eyni zamanda göz zəifləməsi, onurğa əyriliyi, yaddaş və əsəb pozğunluğu, miqren kimi baş ağrılarıın yaranmasına səbəb olur.

Qorxmaz Bayramov- GDU-nun 3-cü kurs tələbəsi: “Bildiyimiz kimi telefon müasir dövrdə həyatımızın ayrılmaz parçasıdır. İstəsək də istəməsək də, ziyan olsa da  biz gündəlik telefondan istifadə edirik, buna məcburuq. Çünki, artıq işlərin gedişatından asılı olaraq, həyatımızın ayrılmaz parçasıdır”.

Araşdırmalar da göstərir ki, hazırda telefon aludəçiliyi  gənclər arasında daha geniş vüsət alıb. Gənclərin smartfonlarda marağını çəkən yeni məlumatlar və inkişafyönümlü vasitələr deyil, daha çox məhz oyunlar, sosial şəbəkələrdir. Bu nüanslar da gənclərin ətraf mühitlə münasibətinə və özünə qapanmasına gətirib çıxarır. Hətta 2 yaxın dost birlikdə olduqları zaman belə, bəzən telefondan ayrılıb, bir-birləri ilə real ünsiyyət qurmurlar. Bu da o deməkdir ki, bəzi gənclər sadəcə cismən birlikdə vaxt keçirirlər. Münasibətlərdə gerçəklik zəifləyib.  

Qorxmaz Bayramov- GDU 3-cü kurs tələbəsi: “Telefonun mənfi və müsbət tərəfləri var. Müsbət tərəfləri ondan ibarətdir ki, düzgün istifadə etsək - yeni məlumatlardan xəbərdar olarıq, müəyyən işlərimizdə vaxt qazana bilərik. Mənfi tərəfləri də odur ki, əgər çox istifadə etsək gözlərimizə ziyan ola bilər. Gözlə yanaşı beyinə də ziyanı var ki, beyin hüceyrələrini öldürür. Və bunlar da bizim digər işlərimizə mənfi təsir göstərir. Yaş kateqoryalarına baxsaq görərik ki, daha çox gənclər telefondan istifadə edir. Gənclər elə başa düşür ki, sanki telefon olmasa, yaşaya bilmərik”.

Və bütün bunlarla yanaşı, bu aludəçilik gənclər arasında diqqətsizlik  də formalaşdırıb. Yol gedərkən ətraflarında baş verən hadisələrin fərqində olmur, ya da sadəcə telefondan ayrılıb fikir verə bilmirlər. Və artıq bu, cəmiyyətin probleminə çevrilib. Araşdırmalar da göstərir ki, telefon asılılığına son qoymaq insanların öz əlindədir, amma həlli üçün bir az zaman lazımdır. Ancaq gərək unutmayaq ki, məqsəd və istək bizi getmək istədiyimiz mənzilə çatdıracaq, əsas odur ki, özümüzə inanaq. 

Unutmayın ki əziz gənclər, istifadə etdiyiniz hər şeyin zərərli olacaq qədər istifadəsi, sizə olan faydasının effektivliyini də azaldır. Hər şey balansda gözəldir.

Fidan Qədimova

ƏTRAFLI...