Aparılan tədqiqatlara görə dünya əhalisinin 1 faizi, yəni 70 milyon nəfər autizm sindromundan əziyyət çəkir. Qeyri-rəsmi statistikaya əsasən, ölkəmizdə təxminən 5 minə yaxın uşaq və yeniyetmə autizmlidir və onların sayı artmaqda davam edir. Hər xəstəlikdə olduğu kimi, autizmdə də erkən müdaxilə vacibdir. Bu səbəbdən valideynlər sindromla bağlı maariflənməli və xəstəliyin ilkin əlamətlərini bilməlidirlər. Xəstəliyin əlamətləri daha çox oğlan uşaqlarında rast gəlinir.
Xəyalə Əhmədova- həkim-pediatr: “Autizm, uşaqlarda yayılmış bir xəstəlik kimi deyək, tam orqanik xəstəlik deyil. Sadəcə nevroloji və inkişaf spektrinin pozulmasıdır. Bu, uşaqlarda daha çox davranış pozulması kimi qiymətləndirilir. Bu uşaqlar ətraf mühitə reaksiya vermirlər, bəzən valideynlərini belə tanıya bilmirlər, onların çağırışına cavab vermirlər, əmrlərini yerinə yetirmirlər. Ən çox yəni bundan biz bilirik ki, bu uşaqlarda autizm varmı, yoxmu”.
Həkimlərin sözlərinə görə bu gün uşaqların akademik dəyərlərinin aşağı olmasının səbəbi telefon və uşağın insanlarla ünsiyyətdə az olmasıdır. Uşaqlar ünsiyyət qurmur, bununla da ağız akustikasında tənbəllik baş verir. Nəticədə fikirlərini izah edə bilmirlər və aqressiya yaranır. Bu da artıma təsir edən səbəblərdəndir.
Xəyalə Əhmədova- həkim-pediatr: “Bildiyiniz kimi gündəmdə olan fastfoodlar çox böyük rol oynayır. Bunlar gen modifikasiyasına uğramış bir qidalardır. Yəni onlara qatılan duzlar, şəkərlər - bunlar hamısı genetik modifikasiyaya uğrayıb. Valideynlər bunu hamiləlik dönəmində yedikdə, uşaqlarda həqiqətən bu xəstəlik, yəni autizm meydana gələ bilir. Bir də ananın hamiləlik dönəmində keçirdiyi xəstəliklərdən də dolayı ola bilir. Uşaqların erkən dönəmdə ensefalit, məxmərək kimi xəstəliklərin keçirilməsi də buna bir səbəb göstərilə bilir”.
Autizmli uşaqların reabilitasiyası vacib sayılan prosedurlardandır. Bu üzdən ölkədə yaradılan mərkəzlər valideynlərin harayına çatır. Qərb bölgəsi üzrə isə mərkəz Gəncədə yerləşir.
Faiq İsmayılov- valideyn: “Reabilitasiya Gəncə şəhərindədir. Ona görə biz Göygöldən məcbur olub, bura gəlirik. Həmçinin bizdən başqa valideynlər də gəlir - Tovuzdan, Ağdaşdan gəlirlər. Yəni uşaqlarının qayğısına qalsınlar, onları qıraqda qoymasınlar. Valideynlər, elə uşaqlar üçün çoxlu diqqət ayırsınlar. Deməsinlər ki, mənim uşağım xəstədir və ya onu qırağa qoymasınlar. Bəlkə də o uşaqların daha da çox istedadları var. Daha da çox qabiliyyətli uşaqlardırlar”.
Əslində isə valideyn uşaqda psixi pozğunluq görərkən ilk növbədə pediatra, daha sonra nevroloq və psixoloqa müraciət etməlidir. Autizmə səbəb olan faktorlardan asılı olaraq, müvafiq müalicə təyin olunur. Xəstəliyin patogenik, simptomatik və reabilitasiya müalicə növləri mövcuddur. Bu müalicə metodlarından hər biri uşağa qoyulmuş diaqnoz əsasında istifadə olunur.
Pərvin Abbaszadə
- Baxış: 254