• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 21.11.2023 19:07

Sürücünü sığorta şirkətindən asılı edən pul

KepezTV Player

Razim Rüstəmov- sürücü: “Sığorta gəldi çəkdi, ölçdü-biçdi və dedi ki, 1 həftəyə sizin kart hesabınıza pul köçürüləcəkdir. 1 həftə oldu 1 ay, gedirsən banka, deyir biz məlumat göndərmişik, pulun oturmağını gözləyirik. Bu məsələlərə bir az diqqət yetirilsə daha yaxşı olar. Sığorta bir gün keçən kimi MMX, cərimə hamısı qayda-qanunla olur. Mənə elə gəlir avtoqəza oldusa, qeydiyyat şəhadətnaməsində qeyd olundusa  avtomobilə pul vaxtında ödənilməlidir”.

Yol qəzasına düşən sürücülər yəqin belə halla rastlaşıblar. Hansı ki, sığorta şirkətindən dəyən ziyana görə pulu almaq üçün dəridən-qabıqdan çıxırlar. Baxmayaraq ki, tərəflər arasında bağlanan müqavilə var, şərtlər heç də hər zaman sığortaçı tərəfindən ödənmir. 

Nurman Məmmədov- sürücü: “Gecikdirirlər, nə vaxt gedirsən vermirlər. Bəhanə odur ki, sənədlər hazırlanır. Gedir yuxarı, gələcəkdir”.

Akif Rzayev- sürücü: “Az məbləğə qane olanda vaxtında verirlər. Lazım olan məbləğin demək olar ki, yarısını verirlər. Oan görə də süründürməçilik çox olur. İki, üç, dörd ay çəkir. Bu da ancaq məbləğin uyğun gəlməməsi ilə əlaqədardır. Onlar çalışırlar, lazım olan məbləği mümkün qədər aşağı versinlər”.

Avtomobilini sığortalayan vətəndaş qəza zamanı digər yol hərəkəti iştirakçılarına mane törətməməlidir. Avtomobili kənara çəkib, yol polisini və sığorta şirkətinin nümayəndələrini gözləməlidir. Əgər zərərin qiymətləndirilməsində narazılıq olarsa, müstəqil ekspertlər də hadisə yerinə cəlb oluna bilər. 

Elnur Həsənov- sığorta mütəxəssisi: “Sığorta şirkətinin nümayəndəsi hadisəni qeydiyyata alır və ərizə forması doldurulur. Hadisə yerinin fotoşəkilləri çəkilir. İki-üç gündən sonra vətəndaşın telefonuna bildiriş məlumatı gəlir. Qiymətlə də bağlı narazılıq baş verirsə, vətəndaş Mərkəzi banka müraciət edir. Mərkəzi bankın reysterində müstəqil ekspert var və bu ekspertlərin vasitəsi ilə dəymiş ziyan yenidən qiymətləndirilir. Elə də olur yenidən baxır və müəyyən məbləğ artılır”.

Vətəndaşa sığorta ödənişi 7 iş günü ərzində ödənilməlidir. Bu, bəzən bilərəkdən və yaxud da sığorta şirkətindən asılı olmayan səbəbdən gecikə bilir. 

Ceyhun Əliyev- hüquqşünas: “Birinci, Mərkəzi bank sistemi dayanır. Sonra sığorta şirkətlərinə nəzarət edən Maliyyə bazarına nəzarət komitəsi dayanır. Buna bərabər olan digər qurumlar da öz funkiyasını burada yerinə yetirir. Amma hər bir halda vətəndaş öz hüququnu bilməyə bilər. Bu, o demək deyil ki, onun hüququnu bilməməsi sğorta təşkilatının hüquqdan kənar çıxış etməsinə imkan verir. Sığorta şirkəti orda günahkardırsa, bu zaman sığorta şirkəti ödəmədiyi günə görə də müvafiq olmuş qanunla pul ödəyir. Bu ,sığorta şirkətinin cərimələnməsinə gətirib çıxarır”.

Belə olan halda vətəndaş hüquqlarından istifadə edərək qanunun şah olmasından yararlanmalıdır.  

Elnur Vahidoğlu