• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 818
— 15.11.2023 19:41

Xaricdən olan alış-verişlərin yerli bazara təsiri

KepezTV Player

İnternet və sürətli daşıma xidmətləri Azərbaycanda istehlak bazarına və əhalinin məhsul seçimlərinə ciddi təsir etməyə başlayıb. Onlayn ticarətin yaratdığı imkanlar müştərilər qarşısında yeni, daha sərfəli seçim variantları açıb. 

Aysel Mahmudova- şəhər sakini: “Mən, daha çox geyim olaraq burdan alıram. Çünki ölçüləri daha dəqiq burda dəqiqləşdirə bilirəm. Amma elə olur ki dəqiq bildiyimdirsə, qiymət də uyğundursa, xaricdən sifariş edirəm”.

Mədinə Məmmədova- şəhər sakini: “Xaricdən daha yaxşı olur. Çünki orda seçim daha çoxdur. Burda az olur, həm də keyfiyyətli olur. Türkiyədən gəlir, amma baxırsan ki, Türkiyə deyil, Çin yazılıb. Qiymət fərqi də az olur, karqoya bir az çox veririk. Qiyməti aşağı olur”.

Elmar Əsgərov- şəhər sakini: “Mən Türkiyədən geyinirəm ya da Moskva mallarından geyinirəm. Amma harda olsam hər zaman Türkiyəyə daha çox üstünlük verirəm. Çünki orda yaşamışam, görmüşəm, yəni hazırda təpədən-dırnağa hər şey, çantam belə hamısı Türkiyədəndir”.

Fazil Həsənov- şəhər sakini: “Baxmayaraq ki, Bakı Tikiş Fabrikimiz var, tesktil üzrə inkişaf edə bilərik, amma əfsuslar olsun ki, biz geyim paltarlarını xaricdən almalı oluruq. Yerli bazarda satılanların keyfiyyətiylə, yəni Türkiyədən internet üzərindən sifariş edəndə baxırıq ki, keyfiyyət daha yaxşıdır. Yəni qiymət baxımından da ucuz başa gəlir. Həm də keyfiyyət baxımından görürsən ki, xarici ölkədən birbaşa sifariş edəndə daha yaxşı olur”.

Südabə Məmmədova- şəhər sakini: “Biz öyrənmişik. Məsələn mən gördüm, gedirəm mağazadan alıram. Olur xaricə getmişəm, xoşuma gəlib, almışam. Amma paltarlarımı Azərbaycandan daha çox alıram. Mağazaya çıxıram, xoşuma gəldi, götürürəm”.

Fikirlər haçalansa da internet üzərindən sifarişlə məhsul alanlar kifayət qədərdir. Hansı ki, belə vəziyyət yerli bazardakı satıcıları razı sala bilməz.

Vamiq Musayev- satıcı: “Türkiyədən mallar sifariş veririlər. Ona görə də alverimizə təsiri olur. Yəni biz artıq alver edə bilmirik. Biz gedib Bakıdan alırıq. Orda çoxu Çin malıdır. Çin malının adı pis çıxıb deyə, elə hamısı deyir Türk malı. Yeri gəlsə Çin malı Türk malından yaxşı satılır. İnsanlar üstünlük vermir. Ona görə də sata bilmirik”.

Nizami Səmədov- satıcı: “Gələn müştəri deyir ki, bizə ucuz qiymətə mal lazımdır - 15-20 manat dəyərində. Biz qiymətləri deyirik 25 manat, 22 manat, heç kəsə sərf etmir, hər kəs deyir bahadır. Yəni səbəbi, Türkiyədən sifariş etdikləri üçün bizim alver dayanıb. Bizim müştərilər artıq bizim malları bəyənmirlər. Çin malı deyirlər hamısına. Türkün malını da gətirsən deyir ki Çin malıdır, Çin malına da deyir ki, Çindənir. Yəni almırlar”.

Artan onlayn alış-verişlərin bazara mənfi təsirini satıcılar inkar etmir. Bunun əsas səbəbi isə ölkədə istehsal prosesinin istənilən səviyyədə olmamasdır. İqtisadçı Məhərrəm Hüseynov bu fikirdədir.

Məhərrəm Hüseynov- iqtisad elmləri doktoru: “Dünya ölkələri artıq rəqəmsal iqtisadiyyata keçir. Biz, onlayn yolla ticarətin edilməsinin heç cürə qarşısını ala bilmərik. Məlum məsələdir ki, o yolla gətirilən malların qiyməti, bazarda ənənəvi üsulla gətirilən malların qiymətindən fərqli olur. Bunun əsaslı səbəbi ondan ibarətdir ki, bu mallar gətirilən zaman yol xərci bir də ödənən vergi və rüsumlar. Məlum məsələdir ki, hər bir iş adamı mal gətirən zaman o xərcləri ödəməklə yanaşı, həm özünün mənfəətini üstə qoymalıdır, həm də riskini qoymalıdır. Bu da fərq yaradır və bazara təsir edir”.

Ekspert vurğuladı ki, əsas məsələ ölkədən vəsait axınının qarşısının alınması olsa da, elektron ticarətə uyğunlaşmaq lazımdır. Ölkədə tekstil sənayesinin yetərincə inkişaf etməməsi səbəbindən xaricdən məhsulların yerli mağazalara nisbətən daha münasib qiymətə sifarişi mümkün görünür. Çeşid çoxluğu və endirimlər isə onlayn alış-verişi kifayət qədər populyar edir. Eyni zamanda Gömrük yoxlamalarının sadələşdirilməsi barədə fərmandan sonra Azərbaycan vətəndaşlarının xaricdən ölkəyə ödənişsiz gətirə biləcəyi malların həcmi 7 dəfə artıb.

Pərvin Abbaszadə