İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu fikirlər, Birinci xanım Mehriban Əliyeva İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində yer alıb. Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadın və uşaqlar olmasını üzücü adlandıran Birinci xanım, hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsinin zəruriliyini qeyd edib.
Mehriban Əliyeva- Birinci xanım: “Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir. Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması, Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir. Son on il ərzində ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərmişdir. Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır”.
Azad Mustafayev
- Baxış: 152