Oktyabrın 1-dən qəbul edilən qərarla ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılacaq. Tikintiyə icazə verildikdən sonra kommunal xidmətlər əlçatan ola bilər. Bu qərar, oktyabrdan əvvələ aid sənədsiz tikililərə şamil edilmir. Yeniliyin isə artıq əmlak bazarına ciddi təsiri görünür. Fərhad Əhmədov- rieltor: “Əsasən sənədli evləri almağa üstünlük verirlər, şəhərdə də sənədsiz evlər çoxdur. Sənədsiz evlərə kommunal xidmətlər dayanıb. Ona görə də sənədli evlərin, torpaqların qiymətinin artmağına səbəb olub. Bu da, əmlak bazarına mənfi təsir edir”.
Hazırda Gəncə şəhəri ərazisində minlərlə çıxarışı olmayan fərdi evlər mövcuddur və çox sayda torpaq sahələri var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib. Onların özəlləşmələrində də müəyyən çətinliklər mövcuddur. Müstəqil ekspert Məsim Abadovun sözlərinə görə yeni qaydanın tətbiqi, bu problemlərin qarşısını ala bilər.
Məsim Abadov- iqtisadçı-ekspert: “Hansı evlərin ki, bu gün alqı-satqısı yoxdur, texniki pasportu yoxdur, qeydiyyat vərəqəsi yoxdur, o evləri alan adam ilk növbədə özünü riskə qoyur. Çünki belə evlərlə bağlı sabah bunları təkrar satanda və ya təkrar qeydiyyata qoyanda, ipotekaya qoyanda, sənədlər olmadığı üçün bunun kimi problemlərlə üzləşirlər”.
Sözsüz ki, bu kimi islahatlar bazara təsirsiz ötüşməyəcək. O evlərin ki, artıq kommunal xidmətləri ilə bağlı müvafiq sənədləri mövcuddur və ya onların təchizatı artıq təmin olunubsa, qiymətlərində artım müşahidə olunacaq.
Məsim Abadov- iqtisadçı-ekspert: “Həmin evləri yenidən qeydiyyata almaq üçün müraciət edəndə və ya ona qaz çəkilişi üçün, elektrik çəkilişi üçün müraciət etdikdə problemlər yaranır. Çünki onların hər birinə texniki şərt alınmalıdır. Sənədi olmayan evlərə də bunlar verilmir. Bu mənada belə bir problemlər var və bu problemlərlə üzləşməmək üçün vətəndaşlarımıza ilk növbədə müraciət etmək lazımdır ki, alqı-satqı vaxtı mütləq sənədləşmə ilə ciddi məşğul olsunlar və satan adamlar, belə deyək artıq satıb, canını qurtarıb. Amma alan adam bunu alıb, sonra özünü bəlaya salmamaq üçün mütləq onu heç bir etibarnaməsiz, heç bir müqaviləsiz yox, birbaşa qeydiyyatla notarius vasitəsilə, “ASAN xidmət” vasitəsilə bunu etsinlər”.
Oktyabrın 1-dən icazə alınmadan tikiliyə qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi kimi qoşulmalar edənlər cəzasız da qalmayacaq. Cərimə 2 min manatdan 4 min manatadək nəzərdə tutulub.
Pərvin Abbaszad
- Baxış: 262