• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 11.11.2023 19:36

Söylədiyi şeirlə sosial şəbəkə izləyicilərinin böyük marağına səbəb olan şagird

KepezTV Player

Gəncədə fəaliyyət göstərən 3 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Elza Əliyevanın şəhidlərə həsr olunan şeiri ağlayaraq söyləməsi, sosial şəbəkə izləyicilərinin böyük marağına səbəb olub. Şagirdin tədbirdə şeiri ürək yanğısı ilə söyləməsi onu dinləyənləri duyğulandırıb.

Elza Əliyeva- məktəbli: “Şeir deyərkən ilk öncə tədbirdə, mahnı səsləndikdə həqiqətən çox kövrəldim. Ondan sonra çıxarkən-şeiri deyərkən, qarşımda şəhid anaları oturmuşdu. Şəhid analarına baxaraq, daha da kövrəldim. Mən vətənpərvərliyə aid, qazilərimizə və şəhidlərimizə aid şeirlər öyrənirəm, filmlərə baxıram çalışıram ki, onlarla bağlı daha məlumatlı olum”.

Balaca müsahibimizin anası Xəyalə Əliyeva qızının vətənpərvər şagird olduğunu deyir. Onun sözlərinə görə məktəbli şəhidlər və qazilər haqqında tez-tez şeirlər, hekayələr oxuyur. Bunlardan biri də məktəbdə keçirilən tədbir zamanı olub. Amma onlar videonun sosial şəbəkədə yerləşdirilməsindən xəbərsiz olublar. Yerləşdirildikdən sonra isə video çox sevilib və 3 milyondan çox baxılıb. Daha sonra məktəbliyə xoş sözlər ünvanlanıb.

Xəyalə Əliyeva- valideyn: “Elzanın vətən sevgisi ilk öncə evdən yaranır, sonra müəllimlərinin köməyi ilə, müəllimlərinin vasitəçiliyilə Elza vətənpərvər ruhda böyüyür. Vətənpərvərlik ruhu onda aşılanır. Elza müsabiqələrdə də iştirak edib. Ümummili liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunan müsabiqədə də iştirak edib. Məktəbdə -uşaqlararası keçirilən şeir müsabiqələrində də iştirak edib. Elza, Məktəbin bütün tədbirlərində, şeir müsabiqələrində iştirak edib”.

Vətənpərvərlik ruhunun şagirdlərə aşılanmasında həm valideynlərin, həm də təhsil ocağının böyük rolu var.

Surxay Hüseynov- 3 nömrəli tam orta məktəbin direktoru: “Bildiyimiz kimi təhsil müəssisəsinin borcu təkcə şagirdlərə təhsil vermək, elm öyrətmək deyil, eyni zamanda şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi gələcək nəslin təlim-tərbiyəsində əsas rol oynayır. Məktəb rəhbəri olaraq, eyni zamanda fənn müəllimləri ilə birlikdə vaxtaşırı şagirdlərə vətən sevgisinin aşılanması yolunda dərslər keçilir, mütəmadi şagirdlərə vətənpərvərlik ruhunda şeirlər verilir, müsabiqələr təşkil olunur ki, Elza Əliyeva da belə şagirdlərimizdən biri olmuşdur”.

Qarabağ Zəfərimizin 3-cü ildönümünü yaşadığımız bu günlərdə şagirdlərin bu cür vətənpərvər ruhda böyüməsi hər birimizi daha da sevindirir.

Aişə Rzayeva