"Qarabağ"a məğlubiyyətdən sonra istefa verən Azər Məmmədovun yoxluğunda Gəncə təmsilçisinin növbəti qarşılaşmaya hazırlıq prosesi müvəqqəti olaraq köməkçi məşqçi Etibar İbrahimova həvalə edilib. İbrahimovun sözlərinə görə hazırlıq öz axarı ilə davam edir. Onun rəhbərliyi altında komanda 3 məşqə çıxıb. Mütəxəssis futbolçuları növbəti oyuna kökləmək üçün səylər göstərildiyini bildirib.
Etibar İbrahimov- məşqçi : "Komandada əhval-ruhiyyəni yüksəltmək üçün məşqçi korpusu əlindən gələni əsirgəmir. Axırıncı oyunda acı məğlubiyyət yaşadıq. Həmin oyundan sonra uşaqları toparlamaq çox çətin olsa da, düşünürəm ki, məşqçi heyəti bunu bacardı. Artıq uşaqlarda əhval-ruhiyyə daha yüksəkdir və artıq oyunun məhsuliyyətini dərk edirlər. Hansı komandada oynadıqlarını və bizi gələcəkdə nə gözlədiyini artıq dərk edirlər. Təbii ki, uşaqlar əllərindən gələni edəcəklər ki, layiqli çıxış etsinlər, ən azından yaxşı oyun nümayiş etdirməlidirlər. Kökləndiyimiz 3 xal var ki, düşünürəm, onu da Bakıda qazanıb, geri dönərik".
Hələ də sonuncu oyunun təsiri altında qalan futbolçular qarşıdakı matçda qələbəyə kökləndiklərini, azarkeşlərə məğlubiyyəti unutdurmağa çalışacaqlarını söz veriblər.
Əli Səmədov- futbolçu: “Bizim üçün acı məğlubiyyət oldu, açığı. Oyuna xal arxasınca getmişdik. İlk dəqiqələrdə qolları buraxdıq, komanda ruhdan düşdü, belə deyim. Çox acı məğlubiyyətdir. Biz hələ də onun təsiri altından çıxmamışıq. Buna rağmən, toparlanmaq lazımdır. Qabaqda bizi çox oyunlar gözləyir. Vacib oyunlar var. Biri də qarşıdakı Naxçıvan komandası ilə oyundur. Əlimizdən gələni edəcəyik. Ən azından azarkeşlərimizə, özümüzə bu məğlubiyyəti unutdurmalıyıq”.
"Kəpəz" Azərbaycanın titullu komandası olduğundan böyükhesablı məğlubiyyətlərə düçar olması oyunçular üçün üzücü olsa da, azarkeşlər üçün qəbuledilməzdir. Vəziyyətin futbolçular tərəfindən nə qədər ciddi qəbul olunduğunu qarşıdakı oyunun nəticəsi göstərəcək. “Araz Naxçıvan”la matç sabah Bakıda saat 19:00-da Dalğa Arenada start götürəcək. “Kəpəz” hazırda 6 xalla turnir cədvəlinin sonuncu pilləsində mövqe tutub.
Ramin Paşayev
- Baxış: 281