Gəncədə Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib. Hərbçilər orkestrin müşayiəti ilə Nizami Gəncəvi prospekti ilə şəhərin baş meydanına yürüş ediblər. Orkestrlər marşlar, hərbi vətənpərvərlik mahnıları səsləndirilib. Yürüşün baş tutduğu yol boyu hərbçiləri şəhər sakinləri hərarətlə qarşılayıblar. Yürüş, Heydər Əliyev prospektindəki Mərkəzi Meydanda tamamlanıb. Tədbirdə ictimaiyyət nümayəndələri, şəhərin rəsmi şəxsləri və sakinləri də iştirak edib. Zəfər Gününün coşqusunu şəhər sakinləri televiziyamızla bölüşüblər.
Şəhər sakini: “Çox şükür, Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin! Millətimiz, həmişə belə zəfər çalsın. Həmişə belə qalib gəlsinlər”.
Şəhər sakini: “Çox sevindirici hissdir. Bütün Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm. Neçə-neçə belə gözəl tədbiri təmtəraqlı qeyd edək”.
Şəhər sakini: “Bizim üçün çox sevindirici bir gündür, fəxr etdiyimiz bir gündür ki, bizim gözəl qələbəmiz var. Hamımız buna çox sevinirik və gələcəkdə də bizim uşaqlarımız bununla fəxr edəcək bir gündür”.
Şəhər sakini: “Böyük bir qürur hissi ilə qeyd etmək istəyirəm ki, biz, bunu bacardıq. Biz düşmənə diz çökdürdük, bayrağımızı dalğalandırdıq”.
Hərbi qulluqçu: “Hamının bayramını təbrik edirəm, bütün Azərbaycan vətəndaşlarının bayramını təbrik edirəm. Bu Zəfər bayramı hamımızın bayramımızdır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Hamımız sevinirik ki, biz, bu qələbəni qazandıq”.
Vüsalə Cənnətova
- Baxış: 156