• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1202
— 06.11.2023 16:02

Ali məktəblərdə "Zəfər" coşqusu

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfransı olub. Zəfər Günü münsibətilə reallaşan müzakirələrdə şanlı Zəfərin 44 günlük dastanından danışılıb. Tariximizin ən parlaq səhifəsinin güclü ordu, qətiyyətli lider, mübariz xalqın vəhdətindən yarandığı vurğulanıb. Qələbənin əldə edilməsində universitetin şəhid məzunlarının da pay sahibi olduğu xatırladılıb. Erməni əsirliyindən azad olan torpaqlarda həyata keçirilən yenidənqurma prosesindən danışılıb. 300-ə yaxın tezisin qəbul edildiyi 2 günlük konfrans 12 istiqamət üzrə davam edəcək.  Gəncə Dövlət Universitetində baş tutan təntənəli bayram tədbiri “Qarabağ Azərbaycandır” adı altında keçirilib. Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin hərb tariximizə qızıl hərflərlə yazıldığı qeyd edilib. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyi xatırladılıb. Noyabrın 8-də Qarabağın tacı olan Şuşanın azad olunması ilə 30 illlik işğalın şanlı zəfərlə yekunlaşdığı bildirilib. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Universitetin əməkdaşları və tələbələrinin iştirak etdiyi, onlardan 18-nin şəhidlik zirvəzinə ucaldığı vurğulanıb. Tədbir Gəncə Dövlət Universitetinin tələbələrinin hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib, vətənpərvərlik ruhunda ifa edilən rəngarəng kompozisiyalar maraqla qarşılanıb. Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Gününün ildönümü münasibətilə reallaşan tədbirdə qələbəni bizə bəxş edən şəhidlərə rəhmət, qazilərimizə can sağlığı arzulanıb. Şəhidlərin qanının yerdə qalmadığı, düşmənə layiqli cavab verildiyi vurğulanıb. Qarabağ savaşında qazanılan şanlı Qələbənin xalqımızın və Ordumuzun Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz nəticəsi olduğu diqqətə çatdırılıb. Bu müharibədə hər kəsin xalqımızın torpaq və vətən sevgisinə şahidlik etdiyindən söz açılıb. Sonda Aqrar Universitetin tələbələri tədbir iştirakçılarına qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeir və mahnılar təqdim ediblər.