• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 03.11.2023 19:38

Uşaqlarda ikidililik, nitq geriliyinə səbəblərdən biri

KepezTV Player

Valideynlərin əksəriyyəti, uşaqlara hələ kiçik yaşlarından xarici dildə cizgi filmləri seyr etdirir, bağçalarda rus və ya ingilis dilli qruplara yazdırırlar. Bununla, övladlarının daha yaxşı inkişaf edəcəyini düşünürlər. Amma bəzən bunun əksi müşahidə olunur.

Məhbubə Sabirli- mütəxəssis: “Bəzi valideynlər uşaqlarını dil öyrənsin deyə bağçaya qoyurlar, məktəbə digər dillərdə, uşaqlar bunun öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Və uşaqlar irəli getmək əvəzinə, əslində geri düşməyə başlayırlar. Dili mənimsəyə bilmirlər. Üstəlik də dərs materiallarında geri qalmağa başlayırlar. Sonra valideynlər baxır ki, alınmır, bu dəfə uşağı öz ana dilində məktəbə qoymağa başlayırlar”.

Uşaqların kiçik yaşlardan iki dilə məcbur edilməsi onların nitqinə mənfi təsir göstərə bilər. Elə müsahibimiz Şəhanə Əliyeva da övladını loqoped yanına gətirən valideynlərdəndir. O bildirir ki, qızı 5 yaşında olmasına baxmayaraq unsiyyət qurmaqda çətinlik çəkir, fikrini hərəkətlərlə ifadə etməyə çalışır.

Şəhanə Əliyeva- valideyn: “Gətiririk uşağımızı bura. Əvvəl sözləri deyə bilmirdi. İndi yavaş-yavaş uşaqda irəliləyiş var”. 

Sima Nəsirova- valideyn: “2 yaş yarımından nəvəmdə gördüm ki, geriləmə gedir. Danışmır. Ümidli idik ki, danışacaq. Gəldik mərkəzə müraciət elədik, yoxladılar. Hal-hazırda loqopedə gedir”.

Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayaraq, "öz-özünə düzələcək", "oğlan uşaqları gec dil açır" deyirlər. Bu üzdən də uşağı həkimə aparmaqdan yan keçirlər. Amma bunun kökündə daha ciddi problemlər dayanır.

Zəhra Ramazanlı- loqoped: “İkidilliyin bir çox müsbət cəhətləri olduğu kimi mənfi cəhətləri körpəlikdən uşaqlara daha çox təsir edir. Nəyə görə deyirik ki, uşaqların tam sərbəst, məqsədli, şüurlu şəkildə dili formalaşmadan uşaq öz ailə unsiyyət dilində özünü ifadə etmədən, ikinci dili öyrənməyə keçid etmək olmaz. Çünki ikinci dili öyrənərkən uşağın beynində artıq avtomatik olaraq qarışıqlıq yaranır. Uşaq bir cümlə qurarkən sözü hansı dildə istifadə edəcəyini bilmir. Beyindəki tormozlanma prosesləri sürətlənir”.

Erkən yaş dövründə ikinci dilin öyrənilməsi uşaqların psixologiyasına da təsir edir. Ona görə də ikinci dilin 5 yaşından sonra öyrənilməsi məsləhət görülür.

Aişə Hüseynova- psixoloq: “İkidillikik birbaşa uşaqların psixologiyasına təsir göstərir. Və bu, bir çox problemlərə gətirib çıxarır. Məsələn, uşaq bağçada öz fikirlərini ifadə edə bilmir və yaxud heç bir uşaqla ünsiyyətə girə bilmir, bu uşaqlarda sosiallaşma probleminə, sosiallaşma fobiyalarına, hətta mutizmə belə gətirə bilər. Və ən əsası ana ilə olan bağda problem yaradır”.

Bu problem adi görünsə də, diqqət edilməsi gərəkən önəmli nüansdır. Çünki edilmədikdə gələcəkdə mənfi nəticələr yarada bilər.

Aişə Rzayeva