Tamella Abbasova- sakin: “Gözümdən su gəlir. Gözümün içində qara nöqtə gedib-gəlir. Tor kimi görürəm. Gözümə qaranlıq çökür. Görmə qabiliyyətim zəifləyir”.
Sadalanan bu əlamətlər əsasən göz dibi qanamaları xəstəliklərinin əlamətidir ki, bu diaqnozla müraciət edənlər kifayət qədərdir. Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Oftalmoloji Şöbəsinə müraciət edən sakinlərin çoxundakı bu əlamətlər hətta görmənin qəfil itməsi ilə nəticələnir. Bundan başqa, göz önündə uçuşan ləkələrin əmələ gəlməsi, göz qapaqlarının qızarması, şişkilik, qaşınma kimi əlamətlər də göz dibi xəstəliyindən xəbər verir.
Elmira Zeyniyeva- sakin: “Diaqnozumda göz dibində damarım partlayıb. Gözümün içində qara ləkələr var, hara baxıram ora gedir. Müalicə götürürdüm, indi gördüm gözüm tam görmür. Qara ləkə çoxalıb, ona görə bura gəldim”.
Gülsüm Əliyeva- sakin: “Hər yeri ağ görürdüm, dumanlı ağappağ idi. Başım hərlənirdi, az qalırdım yıxılam. Göz yaxşı görmürdü deyə özümü narahat hiss edirdim. Birinci müalicədən sonra bir az yaxşı oldum. Həkimə müayinəyə gəlmişəm, davamı gedir”.
Sabir Həsənov- sakin: “Göz dibinə qan sızıb, onun müalicəsinə gəlmişəm. Sağ gözümün qabağında tor şəklində qaraltı var. O da görmə qabiliyyətini zəiflədir. Bir aydır zəif görürəm”.
Sadalanan əlamətlərlə son bir neçə ayda həkimə müraciətlərin sayı 10 faiz çoxalıb. Oftalmoloqlar məsləhət görür ki, əlamətlər yaranan kimi edilən tibbi müdaxilə görmə qabiliyyətinin bərpası ilə nəticələnir.
Ruhiyyə Məmmədova- həkim: “Göz dibi qanamalarının qarşısını almaq üçün biz ümumi medikomentoz müalicələr təyin edirik. Birbaşa vitreusa vurulan inyeksiyalar hansı ki, dövlət tərəfindən təmin edilir. Onlar çox qiymətli preparatlardır. Birbaşa olaraq bu inyeksiyaların hesabına yüksək sağalmalar əldə edirik. Əlamətləri hiss etdikdə müraciət etmək lazımdır ki, müalicə effektli olsun. Bu da ən çox endokrinoloji xəstələrdə daha çox yayılır. Həmçinin təzyiqin artması da göz dibi qanamaları xəstəliklərinə gətirib çıxarır”.
Gözlərə vaxtında edilən qulluq işıqlı dünyanı qara görməkdən xilas edir. Odur ki, gözünüz həmişə aydın olsun.
Elnur Vahidoğlu
- Baxış: 272