Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayevin vətəndaşdan rüşvət alması barədə daxil olan məlumat əsasında keçirilən tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına şübhələr müəyyən edilib. Şəxsin xidməti otağında iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilib. Amil Abdullayevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 201