• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 31.10.2023 19:28

Payız ayında anomal havaların təsiri

KepezTV Player

Belə dəyişkən havaların işarə etdiyi iqlim dəyişmələri artıq kənd təsərrüfatına, məhsuldarlığa öz ciddi təsirini edir. Hətta bəzən fermerlər əkin mövsümünün başlanması, hansı məhsulun hansı dönəmdə əkilməsi və yığılması, torpağın becərilməsi texnikalarını belə dəyişməli, iqlimə uyğunlaşdırılmalı olurlar. 

Hüseyn İdrisov- kənd təsərrüfatı mütəxəssisi: “Bu saat taxıl bitkilərinin səpin vaxtıdır. Bu səpin zamanı torpaqda müəyyən rütubət, nəmlik lazımdır. Belə istiliyin olması nəmliyin sürətli buxarlanmasına şərait yaradır, bu da toxumların cücərməsini ləngidir və məhsuldarlığın gələcəkdə aşağı düşməsinə səbəb ola bilər. Nisbi sükunətə yaxınlaşan ağaclar birdən-birə təzdən çiçək açır. Bunun özü gələcəkdə açılası çiçəyi indidən açdırırsa, deməli, gələcəkdə o ağacın məhsulu olmaya bilər. Yəni bu, əslinə qalsa anormal haldır”.

Gələk məsələnin sağlamlıq tərəfinə. Həkimlərin sözlərinə görə, əsasən də meteohəssas insanlara belə dəyişkən havalarda xəbərdarlıq edilməsinə baxmayaraq, çox vaxt buna önəm verilmir və nəticədə sağlamlıqlarında bir sıra problemlərlə üzləşirlər.

Sevinc Hacıyeva- həkim-terapevt: “Son günlərdə havanın temperaturunun illik normadan yuxarı olması və geomaqnit qasırğası yoluxucu xəstəliklərin törədicilərinin sürətlə çoxalmasına səbəb olur ki, bu da insan orqanizminə öz mənfi təsirini göstərir. Nəticədə insanlar arasında hava-damcı yolu ilə yoluxan yuxarı tənəffüs yollarının xəstəlikləri artır. Uşaqlar arasında rotaviruslar geniş yayılır, qida zəhərlənmələrinə geniş rast gəlinir. Əhaliyə havanın gündəlik temperaturunu nəzərə alaraq geyinmək, immuniteti qaldırmaq üçün rasional qidalanma və meyvə-tərəvəzlərə daha çox üstünlük vermək tövsiyə olunur”.

Bu ayın keçid ayı olduğunu bildirən hidrometeoroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova isə vurğulayır ki, noyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq. Bu vaxtlar temperatur bəzən arta, bəzən isə aşağı düşə bilər.

Gülşad Məmmədova- Hidrometeoroloji proqnozlar bürosunun direktoru: “Bəzi Avropa ölkələrində oktyabr ayının sonu anomal isti keçib. Payızın isti keçməsindən əhali məmnun olsa da, alimlər o qədər optimist deyillər və bunların hamısı iqlim dəyişikliklərinin əlaməti olduğunu xatırladırlar. Oktyabrın 27-də temperatur maksimum 31.4 dərəcə, yəni normadan 7 dərəcə yüksək qeydə alınıb. Qeyd edək ki, bu il oktyabr ayı temperatur baxımından ən isti keçən 2012–ci il oktyabr ayına yaxın olub. Noyabrın ilk günlərinə gəlincə, temperaturda ciddi dəyişikliklər gözlənilmir. Oktyabr ayının tendensiyası noyabr ayının ilk günlərinə qədər davam edəcək. Havanın temperaturunun 24 dərəcə isti olacağı gözlənilir ki, bu da noyabrın iqlim normasından yüksəkdir”.

Noyabr ayının ilk 10 günlüyündə ölkə ərazisində  havaların bir qədər də isti keçəcəyi gözlənilir. Unutmayaq ki, hava bizə uyğunlaşmasa da, biz ona uyğunlaşmağı bacarmalıyıq.

Pərvin Abbaszadə