2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdı. Bundan sonra müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən əlavə müsabiqə keçirilmişdi. Müsabiqədən sonra Azərbaycan Texnologiya Universitetinin tələbəsi olan Kəmalə Əliyeva da ödənişsiz təhsil almaq hüququ əldə edib. Ekologiya ixtisasında təhsil alan müsahibimiz deyir ki, o, təhsil ödənişini ödəmək üçün hətta universitetdən möhlət hüququ da almışdı. Amma yeni qərardan sonra dövlət sifarişi əsasında təhsilini davam etdirəcək.
Kəmalə Əliyeva- tələbə: “Bura ödənişli qəbul olmuşdum. Qəbul olduqdan sonra qeydiyyatdan keçmək üçün ödənişin müəyyən bir qismini ödəməli idim. Lakin imkanım çatmadığı üçün ödəməmişdim. Daha sonra universitet mənə möhlət vermişdi. Bu möhlət müddətində də dövlət sifarişi məsələsi çıxdı və buna çox sevindim. Orda adım çıxanda çox sevindim. Dövlətimizə təşəkkür edirəm”.
Ölkə üzrə 2119 tələbə ödənişsiz təhsil alacaq deyə sevinclidir. Onların ödədikləri illik təhsil haqqları da geri qaytarılıb.
Şəlalə Məmmədova- tələbə: “Mən bu universitetə subbakalavr kimi daxil olmuşam. Daxil olduğum zaman mən ödənişli əsaslarla oxumağa başladım. Və ödənişimin yarı hissəsini keçirmişəm. Lakin bizə ötən həftə belə bir məlumat gəldi ki, bizim ödədiyimiz pullar geri qaytarılacaq. Bizdən mən daxil olmaqla 6 tələbəmiz ödənişsiz təhsil alacağıq. Və biz buna görə çox sevincliyik”.
Rəvan Cəfərov- tələbə: “İxtisasım Telekommunikasiya və radiotexnika mühəndisliyidir. Ödənişli oxuyurdum. Lakin keçən həftə bizə belə bir məlumat gəldi ki, artıq ödənişli yox, ödənişsiz oxuyacağıq. Və ödədiyimiz təhsilhaqqı bizə geri qaytarılacaq. Bu, əlbəttə ki, bizim üçün çox şad xəbər oldu. Həm mənim, həm ailəm üçün, böyük bir yükü mənim üzərimdən qaldırdı. Və mən buna ayırdığım ödənişi xarici dil kurslarına və ya kompüter kurslarına gedib öz biliyimiz daha da artıra bilərəm”.
DİM-in sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, prosesin bu formada reallaşmasında məqsəd optimallaşdırmanın aparılmasıdır.
Xanlar Xanlarzadə- DİM-in sektor müdiri: “Müsabiqənin nəticəsinə əsasən 319 nəfər magistraturada təhsil alan, eyni zamanda 1800 nəfər 1-ci kurs tələbəsi, hansı ki, bu il ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olub, onlar dövlət sifarişli yerlərə keçiriliblər. Mən bunu bir misalla izah edim. Tutaq ki, hansısa bir ixtisas üzrə 100 yer dövlət sifarişi nəzərdə tutulubdur. Və müsahibənin nəticələrinə əsasən 90-ı istifadə olunub, 10-u istifadə olunmamış qalıb. Onda mərkəz tərəfindən müsabiqənin nəticələrinə əsasən ən yüksək bal toplayan tutaq ki, 10 nəfər hansı ki, həmin ixtisasa qəbul olubdur, amma ödənişli formada. O şəxslər keçirilir dövlət sifarişinə”.
Ekspert deyir ki, bu il ali təhsil müəssisələrinə daxil olan hər 2 nəfərdən biri dövlət sifarişi ilə təhsil almaq imkanına malik idi. Lakin ixtisas seçimini düzgün etməyən tələbələr ödənişli təhsil alırdı. Yenidən müsabiqənin keçirilməsı isə bu cür tələbələrə şans oldu.
Kamran Əsədov- Təhsil eksperti: “Bu, tələbələr üçün yaxşı bir haldır. Həm ödədikləri pulların geri qaytarılması, həm təqaüd alma imkanlarının olması, bu yaxşı bir haldır. Təhsilin əlçatanlığı üçün ali təhsilin əhətə dairəsinin genişləndirilməsi üçün bu, mühüm bir addımdır. Ödənişli oxuyan tələbələr düşünürdülər ki, biz 4 il təhsil haqqı ödəyəcəyik. Amma artıq onların pullarını dövlət ödəcəyək. Bu say az deyil. Kifayət qədər böyük bir saydır. Bu, həmin tələbələrin gələcəkdə təhsillərinə daha yaxşı davam etmələrinə imkan verəcək”.
Gəncədə fəaliyyət göstərən universitetlərin tələbələri də boş qalan dövlət sifarişli yerlərdə oxumaq imkanı qazanıb. Belə ki, Azərbaycan Texnologiya Universitetindən 58, Azərbaycan Dövlər Aqrar Universitetindən 32, Gəncə Dövlət Universitetindən isə 26 tələbə bu fürsətdən yararlananlar sırasındadır.
Aişə Rzayeva
- Baxış: 547